İctimai nəqliyyat “od tutub yanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metroda və avtobuslarda kondisionerlər işləyirmi? 

Metroda və avtobuslarda kondisionerlər işləyirmi?

“Görəsən, niyə metro qatarlarında soyutma sistemi işləmir?… Bu istidə insanlar qırılıb getdi ki!… Tağı Əhmədova heş olmasa belə hallarda zəng edib ürək sözlərimizi deyib, qabırğasına döşəyirdik. O da cavabında ya deyirdi düzələcək ya da açıqca bildirirdi ki, soyutma sistemi işləmir, gedin nə yazırsız yazın… Amma Metropiltenin mövcud rəisini tanıyan varmı? Onun haradasa səsinin çıxdığını eşidən olubmu?” Bunu öz faysbuk hesabında jurnalist Mürtəza Bünyadlı yazıb. Başqa bir jurnalist həmkarımız – “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy isə öz profilində belə bir status paylaşıb: “Neçə gündür, metronun “Əhmədli”-“20 Yanvar” marşrutunda havasızlıqdan boğulmaqdayam. Ordan çıxanda da hamam avtobuslar…Tağı Əhmədovla Ziya Məmmədovun yadigarlarıdır, dözək…”. Bu arada tanınmış publisist Qurban Yaquboğlu da başqa bir “şad” xəbər paylaşıb – sərinləşdirici suyun qiyməti bahalaşdırılıb…

Göründüyü kimi, hazırda Bakıda müşahidə olunan kəskin isti hava şəraiti sərnişindaşımada kondisioner sisteminin olmaması problemini yenidən gündəmə gətirib. Paytaxta yeni gətirilən və sərnişindaşıma nəqliyyatında daha çox istifadə olunan Koreyanın “Daewoo” markalı avtobuslarında da kondisioner sistemi yoxdur. Bakının ictimai nəqliyyatında Türkiyə və Avropa istehsalı olan bəzi şəxsi marşrut avtobusları var ki, yalnız onlarda kondisioner var.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatına görə, isti hava şəraiti ilə əlaqədar son günlərdə stansiyaya müraciətərin sayı kəskin artıb. Onların arasında sərnişinlər də var. Sinoptiklərin proqnozuna görə, isti hava şəraiti davam edəcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bizimyol.info-ya bildirib ki, bu problemin həlli istiqamətində işlər aparılır: “Bu gün paytaxtın ictimai nəqliyyat şəbəkəsində mövcud avtobusların 25-30 faizində sərinləndirmə sistemi mövcuddur. Qalan digərləri avtobuslarla bağlı tələblərə, o cümlədən sərinləndirmə sistemi ilə bağlı tələblərə cavab vermir. Bu nəqliyyat vasitələrinin yenilənməsi daha müasir nəqliyyat vasitələri ilə əvəz edilməsi istiqamətində iş aparılır”.
Qeyd edək ki, bir sıra ölkələrdə kondisionerli avtobuslarla yanaşı, kondisionerli dayanacaqlara da rast gəlinir.
M.Ağayevin sözlərinə görə, avtobus dayanacaqları hələ də BNA-ya təhvil verilməyib: “Dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır”.

Nəsimi Paşayev jurnalist Mürtəza Bünyadlıya açıqlama verib və deyib ki, köhnə vaqonlarda istehsalçı tərəfindən kondisioner quraşdırılması nəzərdə tutulmayıb