Əli Cəfərov: “Dövlət simvollarına aid şeirləri əzbərləyib qiraət edən şagirdlər paralel olaraq onları qavrama, mənimsəmə və öyrətmə yarışına girmiş olurlar”
“Dövlət rəmzlərimiz olan bayrağımızı, himnimizi, gerbimizi, ümumiyyətlə bütün dövlət atributlarını öyrənmək, qorumaq hər bir Azərbaycan vətəndaşının, ümumiyyətlə harada yaşamasından asılı olmayaraq ölkəmizin və xalqımızın təəssübünü çəkən hər bir soydaşımızın müqəddəs vəzifəsidir. Bu amillər dünyada bir çox xalqların təcrübəsindən və süzgəcindən keçərək əbədi yaşayan prinsiplər olduğundan onları bizim kimi yeni müstəqil ölkələrin insanları da əxz etməlidirlər. Lakin daha yaxşı olar ki, dövlət rəmzlərimizin onların mahiyyəti ilə birgə təbliğatına övladlarımızın beyninin ağ, təmiz kağıza bənzədiyi şagird və yeniyetməlik dövründən start verilsin”.
Bu sözləri həmin atributlardan biri- Dövlət himninin sədaları və şəhidlərimizin müqəddəs ruhlarının ehtiramlı sayğı duruşu ilə başlayan “Milli irsin təbliği” layihəsi çərçivəsində baş tutan növbəti təlimi açan layihə rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin (DMTİB) sədri Əli Cəfərov söylədi.
Məlumat üçün qeyd edək ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında qalib seçildiyi “Mədəni irsin təbliği” layihəsini icra edir. Geniş tədbirlər planı ilə həyata keçirilən layihənin reallaşdırılması Bakıdakı Habil İskəndərov adına 206 saylı tam orta məktəbdə davam etdirildi. Bu dəfəki təlim bayrağımıza aid qiraət müsabiqəsi idi. Layihə rəhbəri Əli Cəfərov dövlət rəmzlərimizin şagird və yeniyetmələrə bu variantla mənimsədilməsinə aid çox tutarlı bir arqument səsləndirdi. Bildirdi ki, “dövlət atributlarımızı, rəmzlərimizi ümumi şəkildə və şifahi olaraq onlara izah etmək hələ işin yarısıdır. Daha yaxşı olar ki, şagirdlər onlar barədə paralel olaraq həm eşitsinlər, həm görsünlər, həm oxusunlar, həm əzbərləsinlər, həm də öyrəndiklərini sonucda ifa etsinlər. Bunlar qavrama, tamamilə mənimsəmə və öyrətmə yarışına girmiş olurlar. Layihənin planlanmasına uyğun olaraq sertifikatlarla mükafatlandırmaya can atmaları isə bu işə daha həvəsli yanaşmalarını və nəticədə öyrəndiklərinin yaddaşlarında həm də hadisəvi əks olunmasını stimullaşdıracaq. Bunlara daha dərindən nail olmaqsa elə layihəmizin əsas məqsəd və məramıdır. Layihədə gördüyümüz işlərin nəticələrini kütləvi informasiya vasitələri və sosial media vasitəsilə yayaraq onun əhəmiyyətini bütün ölkə vətəndaşlarına, xüsusilə də ölkə boyu bütün şagird və yeniyetmələrin diqqətinə çatdıracağıq”.
İB sədri bu sözləri söylədikdən sonra bu gün keçirilən şeir müsabiqəsi barədə də ətraflı məlumat verdi və belə ümummilli məzmunlu layihəyə qrant dəstəyi ayırdığına görə Agentliyə öz minnətdarlığını ifadə etdi. Daha sonra şeir müsabiqəsinin təşkili prosesindən danışan layihə rəhbəri bildirdi ki, bu müsabiqənin keçiriləcəyi ilə bağlı layihə təmsilçiləri əvvəlcədən məktəbin şagirdlərini elan səviyyəsində məlumatlandırıblar. Müsabiqənin çərçivəsi isə bir o qədər də məhdudlaşdırılmayıb. Belə ki, şagirdlər dövlət rəmzlərimizlə, vətənpərvərliklə, bayrağımızla yanaşı, eyni zamanda xalqımızın qəhrəmanlıq tarixi, ayrı-ayrı qəhrəman oğul və qızları ilə bağlı yazılmış müxtəlif formalı şeirləri də öyrənib söyləyə bilərlər. Yarışda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunacaq. Müsabiqənin qiymətləndirilməsini isə İctimai Birliyin rəhbərliyindən bir nümayəndə ilə yanaşı məktəb direktorunun müavini və məktəbin ədəbiyyat müəllimindən ibarət münsiflər heyəti həyata keçirəcəkdir.
Ə.Cəfərovun geniş izahatından sonra tədbir başladı. Uşaqlar ardıcıllıqla öyrəndikləri şeir parçalarını söylədilər. Münsiflər heyətinin qiymətləndirməsi ilə şagirdlərin söylədiyi şeirlərin daha layiqliləri müəyyənləşdirildi. I, II, III yerləri tutanlar sertifikatlarla, daha üç şagird isə həvəsləndirici diplomlarla mükafatlandırıldılar.
Müsabiqənin sonunda layihə rəhbəri Əli Cəfərov və 206 saylı məktəbin direktoru Cavid Cəfərzadə qalib gəlmiş şagirdləri təbrik etdilər, münsiflər heyətinin üzvlərinə dərin təşəkkürlərini bildirdilər.
Tədbirdə foto-çəkilişlər aparıldı.
N. Zöhrablı