Azərbaycanda İcra Hakimiyyətləri yolların asfaltlanması prosesinə start veriblər. Tribunainfo.az xəbər verir ki, kampaniya şəklində görünən proses üzrə keçirilən tenderlərin nəticəsi isə dünən açıqlanıb.
Belə ki, Qusar İcra Hakimiyyəti şəhərdə küçə və parkların cari təmir işlərinin satınalınmasını reallaşdırmağa hazırlaşır. “ANA-YOL” MMC ilə bu məqsədlə 1 milyon 132 min 414 manatlıq müqavilə bağlanılıb.
Cəlilabad İcra Hakimiyyəti də şəhərin yollarını əsaslı təmir etmək qərarını verib. İcra Hakimiyyəti bu məsələdə “köhnə tanışı” ilə anlaşıb. “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti bu işləri 423 min 594 manata görəcək.
Kürdəmir İcra Hakimiyyəti də “yarışdan” kənarda qalmayıb. Qurumun dünən açıqladığı tenderin nəticələrinə görə, rayonun yollarını “MUĞAN-KİTT” MMC asfaltlayacaq. Bunun müqabilində isə 201 min 415 manat alacaq.
Zərdab İcra Hakimiyyəti də həmçinin daxili yolların təmiri üzrə tenderin nəticələrini açıqlayıb. Məlum olub ki, “AQROYOL-İNŞAAT” MMC rayonun yollarını 585 min 656 manata asfaltlayacaq.
Bu əsnada, Yevlax İcra Hakimiyyətinin başçısı isə digər həmkarlarından fərqli olaraq, iki tender elan edib. Hər iki tender yolların təmirini əhatə edəcək. Belə ki, onlardan biri Yevlax şəhəri 20 Yanvar, Sidqi Ruhulla, Xudu Məmmədov (Nizami prospektindən Arif Sadıqov küçəsinə kimi), 28 may (Xudu Məmmədov küçəsindən-Nizami prospektinə kimi) küçələrində yolların əsaslı təmiri ilə bağlıdır. İcra Hakimiyyəti bu məqsədlə 317 min 263 manat xərcləməyi planlaşdırır.
Digər isə Yevlax şəhərində yolların əsaslı təmiri ilə bağlıdır. İcra Hakimiyyəti bu məqsədlə büdcədən 751 min 781 manat xərcləməyi düşünür.
Fərda Uğur