İcra başçısından iş istəyən Neftçala sakininə işi məhkəmə verdi – 1 il həbs!

İcra başçısından iş istəyən Neftçala sakininə işi məhkəmə verdi – 1 il həbs!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdan iş istəyən Bankə qəsəbə sakini, 1976-cı il Bankə qəsəbə sakini Zaur Həsənova Neftçala Rayon Məhkəməsində hökm oxunub.

Musavat.com xəbər verir ki, Cinayət Məcəlləsinin xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə maddələri ilə ittiham olunan Zaur Həsənovu həbsə aparan hadisə 21 iyun 2023-cü ildə qeydə alınıb.

Neftçala rayonu, Bankə qəsəbəsi, Səməd Vurğun adına 2 saylı tam orta məktəbin akt zalında Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə səyyar görüşü keçirib. Bankə qəsəbə sakini Zaur Həsənov bacısı oğlu ilə birlikdə akt zalına daxil olaraq, ağır şərtlərdə yaşadıqlarını, onlara iş verilməsini istəyiblər. Başçıdan növbə gözləmədən iş istənilməsi Mirhəsən Seyidovu özündən çıxarıb. O, Zaur Həsənovu və bacısı oğlunu etik qaydalara riayət etməyə çağırıb, şikayətləri ilə maraqlanıb və imkanı daxilində onlara köməklik göstərəcəyini bildirib.

Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tariyel Nağıyev Zaur Həsənova yaxınlaşaraq onu sakitləşdirmək istəyib. İtrihama görə o, üzərindən bıçaq çıxararaq nümayəndəni hədələməyə başlayıb. Eyni vaxtda mübahisə zəminində Tariyelin burnuna zərbə vurub. Zaurun və bacısı oğlunun hərəkətləri nəticəsində tədbirin gedişi təxminən 25-30 dəqiqə ərzində pozulub. Bu vaxt icra hakimiyyətinin əməkdaşları həmin şəxsləri zaldan kənarlaşdırıblar. Zaur Həsənov məhkəmədə deyib ki, işsiz olduğundan çox ağır vəziyyətdə yaşayıb. Buna görə də ən aşağı maaşlı işlə təmin olunması tələbi ilə dəfələrlə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edib. Hər dəfə ona quru vəd verilib, onu heç bir işlə təmin etməyiblər.

Hadisə günü icra başçısının məktəbin akt zalında sakinlərlə görüş keçirdiyini öyrənib və işlə təmin olunması üçün bacısı oğlunu da götürərək icra başçsı ilə görüşün keçirildiyi məktəbə gedib. Orada başçıya müraciət etmək istədikdə icra hakimiyyətinin əməkdaşları onu zaldan çıxarmaq istəyiblər. Bu zəmində mübahisə yaranıb və özündə saxladığı və meyvə soymaq üçün istifadə etdiyi bıçaq cibindən yerə düşüb. O, həmçinin Tariyelin burnuna qəsdən zərbə vurduğunu etiraf edib.

Məhkəmənin hökmü ilə Zaur Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını 1 may 2024-cü ildən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, həmin tədbirdən sonra KİV-də Neftçalanın Bankə qəsəbəsində səyyar görüş zamanı vətəndaşlarla icra başçısı arasında insident baş verməsi haqda məlumatlar yayılmışdı. Hətta Mirhəsən Seyidovun döyülməsi ilə bağlı iddialar da səslənirdi. Lakin RİH-dən bildirilmişdi ki, sosial şəbəkələrdə icra başçısı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.