Tərtər Rayon İcra Hakimiyyəti yolların təmir olunması ilə bağlı tenderə yekun vurub.
Tribunainfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib.
Artıq şirkətlə icra hakimiyyəti arasında satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 430 108,47 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Şirkət dövlət satınalmalarında fəal iştirak edir və daha çox yerli icra hakimiyyətlərinin keçiridyi tenderlərin qalibi olur.
“Koneks Construction” MMC-nin geyimlə bağlı tenderlərin qalibi seçilməsi şirkət haqqında müəyyən şübhələrə səbəb olub.
Medianın yazdığına görə, şirkət tender əməliyyatlarında iştirak üçün yaradılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur. O, 2014-cü ildən rayona rəhbərlik edir. Müstəqim Məmmədovun icra başçısı kimi karyerası isə 2012-ci ildən başlayır. O, həmin il Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Müstəqim Məmmədov mətbuatda ən çox tənqid edilən icra başçılarındadır.