İcra başçısı əhaliyə verdiyi vədi nə üçün yerinə yetirmir? – Prezidentə şikayət

İcra başçısı əhaliyə verdiyi vədi nə üçün yerinə yetirmir? – Prezidentə şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, aprelin 2-də səhər saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Şərq bazarı” kimi tanınan yerdə obyektləri sökülən 66 sahibkar onlara göstərilən laqeyd münasibətə etiraz olaraq həmin ərazidə aksiya keçiriblər.

Lent.az-ın məlumatına görə, “Şərq bazarı” sahibkarları mağazalarını geri istəyirlər.

Qeyd edək ki, sahibkarlara məxsus ticarət obyektləri 2017-ci ilin may ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb. Sənədləri tam qaydasında olan dükanları məhkəmə qərarı olmadan sökmək qanunsuzluq olsa da, dükanlar antisanitariya, şəhərin görünüşünə xələl gətirməsi adı ilə sökülüb. İndi isə bu ərazi xarabalığı xatırladır və əvvəlkindən betər antisanitariya vəziyyətindədir ,üstəlik şəhərin görkəmini korlayır.

Həmin ilin sentyabr ayında elə orada tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyi vəd edilib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkünsə, daş üstə daş qoyulmayıb. Sahibkarlar dükanların sökülməsindən 2 il keçdiyini, amma hələ də onların xeyrinə bir irəliləyiş olmadığını söyləyirlər.

Sahibkarlar şəhər rəhbərliyinə müraciət ediblər. Hər dəfə onlara problemin tezliklə həll ediləcəyi deyilsə də, heç bir nəticəsi olmayıb.

Söküntüdən sonra onlara 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir: “İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”.

Həmin müddətdən isə 2 ilə yaxın vaxt keçib.

Sahibkarlardan birinin verdiyi məlumata görə, şikayətçilər dəfələrlə Prezident Administrasiyasına da müraciət ediblər. Oradan isə onlara problemlərinin yaxın zamanlarda həllini tapacağı ilə bağlı ümidverici vəd veriblər.

Aksiya iştirakçıları sonra onların problemlərini işıqlandıran yerli mətbu orqanlara açıqlamalar veriblər və artıq neçənci dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinə yollanıblar və həmin gün sahibkarlar icra başçısı tərəfindən qəbul olunublar. İcra başçısı Zakir Fərəcovla görüşdə  mövcud vəziyyət müzakirə olunub və ərazidə tikinti işlərinin aparılması istiqamətində ümumi şifahi razılıq əldə olunub. Belə ki,sahibkarlarla 2 saatdan çox söhbət edən və onları dinləyən Zakir Fərəcov artıq neçənci dəfə onlara vəd verib ki, məsələ öz müsbət həllini tapacaq. İcra başçısı konkret olaraq sahibkarlara bildirib ki, may ayının 1-dək ərazidə ticarət mərkəzinin tikintisinin başlanılması üçün müvafiq sərəncam verəcək və sahibkarlar deyilən vaxta qədər gözləməyə qərar veriblər.