Bu ilin may ayının 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, aparılmış sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaətbəxş olub.
4 nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxan suların adları aşağıda (Cədvəl 1) qeyd olunan emal müəssisələrində yoxlama keçirilib, hər 4 müəssisənin su emalı fəaliyyəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.
Aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satışı dayandırılıb, qanunvericiliyin tələblərinə uyğun olmayan etiketlərin istifadəsi qadağan olunub və həmin etiketlər məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, bir sıra qida subyektləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni etiketlərlə məhsulların emalına başlanılıb.







