İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dünən daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, həmin tenderin başlıca məqsədi İcbari tibbi sığorta ilə xidmət alan vətəndaşların real həyat hekayələri əsasında video çarxların çəkilişini həyata keçirməkdir.
Qeyd edək ki, qəzaların baş verəməsini önləmək, insanların məsuliyyətli olmaları üçün belə reklam çarxlarının hazırlanması çox nəcib addımdır. Dünya praktikasından da məlumdur ki, belə reklamların qəzaların azalmasına müəyyən təsirləri olur. Həmçinin bu, sığorta şirkətlərinin də reytinqinə, onlara olan inamın artmasına gətirib çıxarır.
Di gəl, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu işləri hansısa prodakşn şirkətinə deyil, tibbi ləvazimatlar və avadanlıqlar satan şirkətə həvalə edib. Tribunainfo.az xəbər verir ki, agentliklə satınalma müqaviləsini “MEDİCAL MEDİA” MMC bağlayıb və onun dəyəri 20.650,09 manat təşkil edir.
Hələ bir müddət əvvəl bildirmişdik ki, analoji addımı “MİDA” da atıb. Belə ki, sözügedən qurum yeni inşa edilmiş binalarda reklam çəkilişləri ilə bağlı “Medical Media” MMC-lə satınalma müqaviləsi bağlamışdı.
Halbuki hazırda ölkədə kifayət qədər peşəkar pradakşn şirkətləri var ki, onlar nəinki reklam çarxları, lazım olarsa sanballı film belə çəkmək gücündədir. Ona görə də, haqlı olaraq sual olunur ki, istər İcbari Tibbi Sırğorta üzrə Dövlət Agentliyi və “MİDA”nı tibbi ləvazimat və avadanlıq satan şirkətə reklam çarxı hazırlamaq sifariş verməsinin səbəbi nədir? Axı, bu, “Medical Media” adlı şirkətin fəaliyyət istiqaməti deyil. Bunca çoxsaylı şirkətlər varkən, onların seçilməsi hansı maraqdan irəli gəlir?
Gözləyək, görək ki, İcbari Tibbi Sırğorta üzrə Dövlət Agentliyi bu suallara hansı cavabı verəcək.