“Hürrəm Sultan olmaqdan həzz alırdım” – Məryəm Üzərli: “Azərbaycanı görmək istəyirəm”

“Hürrəm Sultan olmaqdan həzz alırdım” – Məryəm Üzərli: “Azərbaycanı görmək istəyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HafizTimes.com-un müsahibi Türkiyənin məşhur “Möhtəşəm yüz il” tarixi serialında canlandırdığı Hürrəm Sultan rolu ilə bütün dünyada şöhrət qazanan türk əsilli almaniyalı aktrisa Məryəm Üzərlidir.

Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Məryəm Üzərli ilk dəfə olaraq Bakı, Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?

– İlk fikrim bu oldu; nə gözəl xəbərdi! Çünki, haqqında gözəl sözlər eşitdiyim bu heyrətamiz ölkəni ziyarət etməyi həqiqətən də çox istəyirəm. Mən özüm də bu səfər üçün səbirsizlənirəm. Ümid edirəm ki, tezliklə Azərbaycana səfər edəcəyəm.

– Uğurlarınızı nəyə borclusunuz? Ən böyük uğurunuz nədir?

– Bir sənətçi kimi uğurlarımla bağlı deyə bilərəm ki, bu, mübariz olmağım və mənə dorğu zamanda inanan gözəl insanlarla bağlıdır. Amma mənim uğura olan şəxsi inamım çox gizli, səssiz də ola bilər və bəzən bunun işlə heç bir əlaqəsi də olmur. Mənim üçün uğur, bir insan üçün kifayət qədər çətin olan şəxsi inkişafımdan razı qaldığım zaman baş verir. Həmçinin, kiməsə kömək edib, ilham verə bildiyim vaxtlarda da özümü uğur qazanmış hesab edirəm. Məsələn, uşaqlarım xoşbəxt olanda; ya da üzərində çox çalışdığım bir iş həyata keçəndə uğur qazanıram. Bu dünyada ümidini itirməmək və optimist olmaq da böyük uğurdur.

– Sizcə, “Muhteşem Yüzyıl” serialının uğur sirri nədir?

– Mən deyərdim ki, çox güclü bir hekayədir, yaxşı ssenarist tərəfindən yazılıb, peşəkar aktyor heyəti var. Bunu prodüserlər daha yaxşı bilər.

– “Hürrəm Sultan” rolu həyatınıza necə təsir etdi?

– 10 il teatrda çalışdım. Həmin rolu oynayandan sonra daha çox insan mənim bir aktrisa kimi gördüyüm işlərdən zövq aldı və tamaşaçıların sevinməsi məni də çox xoşbəxt elədi. Həmçinin, Hürrəm sultan obrazını çox ruhlandırıcı hesab edirəm. Onun gücü, ehtirası, inancı, heç vaxt təslim olmaması, etdiyi xeyriyyə işləri və s.

– “Muhteşem Yüzyıl”la bağlı unudulmaz xatirələriniz nədir?

– O qədər xatirələrimiz var ki, biz bir komanda olaraq, üç ili demək olar ki, 7/24 saat birlikdə keçirdik. Güldük, ağladıq, əziyyət çəkdik, uğur qazandıq… Hər şeyi birlikdə bacardıq. Həmin 3 il bütövlükdə unudulmazdır. Əsas odur ki, yorğunluğu nə qədər dəf edə bilmişik. Hamımız həyatımızı tam olaraq həmin seriala həsr etmişdik.

– “Hürrəm Sultan”la aranızda heç bənzərlik varmı?

– Düşünürəm ki, ən böyük oxşarlığımız budur: “Təslim olmaq bir seçim deyil”.

– Haqqınızda ən böyük yanlış təsəvvür nədir?

– Özümlə bağlı xəbərləri oxumadığım üçün deyə bilmirəm. Amma əgər varsa, bu mənim üçün problem deyil. Kim olduğumu bilirəm və mənə yaxın olanlar, hətta məni hiss etməyənlər də məni tanıyırlar.

– “Hürrəm Sultan” olmağın ən böyük çətinliyi nə idi?

– Çətinlik deməzdim; Hürrəm Sultan sadəcə olaraq çox güclü bir xarakter idi və hər zaman onun enerjisi ilə dolu olmaq çətin idi, amma mən onunla keçirdiyim hər saniyədən həzz alırdım.

– Bəs aşdığınız ən böyük maneə nə olub?

– Bu, mənim şəxsi həyatımda daha çox olub, amma çox şey öyrənib, dərs çıxardığım üçün onlara minnətdaram.

– Zaman sizdən nə aldı, nə verdi?

– Sadəcə olaraq, zamanımı aldı. Müğənni olan bacım Canan Üzərli bu mövzuda gözəl mahnı ifa edib. Adı “zaman”dır.  Zaman mənə böyümək, öyrənmək, illər ərzində necə yaşamaq və sevmək istədiyimi başa düşmək üçün imkan verdi.

– Həyatın sizə öyrətdiyi ən mühüm dərs nədir?

– Bu, Allaha inamın ən güclü qüvvə olduğudur. Möcüzələr baş verir. Bu vaxt “kəhanət” və cazibə qanunu işləyir. Mən övlad sahibi olana qədər qeyd-şərtsiz sevginin nə olduğunu bilmirdim.

– Üç cümlə ilə həyat fəlsəfənizi necə ifadə edərsiniz?

– Biz spiritual təcrübəyə malik insan deyilik; biz insani təcrübəsi olan ruhani varlıqlarıq.

– Hansı kitab sizin həyatınızı dəyişdi?

– Ekhard Tolle “The future is now”, Ronda Byrne “Secret”, Dan Millman “Way of the peaceful warrior”, Stefanie Stahl “The child in you” kitabları və s.

– Super gücünüz nə olardı?

– Sevgi.

– “Muhteşem Yüzyıl” serialından sonra həyatınızda nə dəyişdi?

– Bir aktrisa kimi fəaliyyətimə dəyər verilir. Çox gözəl ölkələrə səfər edirəm və onların fərqli mədəniyyətləri ilə tanış oluram. Özümə sübut etdim ki, mən illərlə həyatımı yalnız bir obraza da həsr edə bilərəm.

– Zamanı geri qaytara bilsəydiniz nə edərdiniz?

– Özümə inamım və sərhədlərim üzərində daha erkən çalışardım.

– Sizcə, qadınlar üçün qızıl qayda nədir?

– Hansısa cinsə aid qaydaların olmasını düşünmürəm və mən kiməm ki, bunu deyim? Amma ümumən, insan üçün əsas qayda xeyirxahlıq olmalıdır.

– Ən çox nə vaxt xoşbəxt olursunuz? Qadın nə zaman bədbəxt olur?

– Qadın kimi bədbəxt olmaq da kişilərdə olduğu kimi fərdidir. Amma, mən statistikaya inanıram, cəmiyyətdə bərabərlik yoxdursa, onda xoşbəxtlik də yoxdur.

Özümlə bağlı deyə bilərəm ki, övladlarım xoşbəxt, sağlam olanda və mən də onların yanında ikən çox xoşbəxtəm. Təbii ki, ailəm, dostlarım və son olaraq bir iş uğrunda komanda ruhunda çalışanda və tamaşaçılar onlar üçün etdiklərimizi hiss edəndə çox xoşbəxt oluram.

– Sevgi sizin üçün nə deməkdir? Sultan Süleyman və Hürrəm Sultan sevgisində nə çatışmırdı?

– Mənim üçün bu sevgi deməkdir: sakitlik, hörmət, dostluq, anlayış, dürüstlük, saflıq, doğruluq… Düşünmürəm ki, onların sevgi münasibətində nəsə çatışmırdı… İki fərd birlikdə öz sevgi yollarını yaradırlar və həmin şərtlər altında mən onların sevgisini olduqca güclü hesab edirəm.

– Məryəm Üzərli necə bir anadır? Analara nə məsləhət vermək istərdiniz?

– Heç bir anaya məsləhət verməzdim, çünki onlar özlərini yaxşı tanıyırlar. Onların uşaqları fərdi varlıqlardır, analar da. Mən də hamı kimi anayam. Uşaqlarımı qeyd-şərtsiz sevirəm. Mən mükəmməl deyiləm, amma onlara olan sevgim ən yüksəkdir.

– İndi dünyaya ən böyük mesajınız nə olardı?

– Həyat adlı bu çılğın qurumda hamımız bir yerdəyik… Bir-birimizə dəstək olmalıyıq, sevməliyik, tanrıçılıq oynamamalıyıq…

– Gələcəklə bağlı planlarınız nədən ibarətdir? Sizi sevənlərə nə demək istərsiniz?

– Gələcəklə bağlı planlarım daha gözəl layihələrdə çıxış etmək, ehtiyacı olan insanlara kömək etmək, uşaqlarımın yanında olmaq və onların arzularına çatmalarına dəstək olmaqdır.

– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik.

– Azərbaycana səfər etməyi çox istəyirəm. Bu haqda ancaq gözəl sözlər eşitmişəm. Gözləyə bilmirəm.

– Azərbaycanda Hürrəm Sultanı sevən insanlara nə demək istərdiniz?

– Mən də sizi sevirəm!

Hafiz Əhmədov