Hüquqşünas Mehdiyevlə bağlı elə detallara toxundu ki… “Qaçıb gizlənmək…”

Hüquqşünas Mehdiyevlə bağlı elə detallara toxundu ki… “Qaçıb gizlənmək…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyevin barəsində çıxarılan son qərar ictimaiyyətdə geniş rezonans doğurub.
Əmək Məcəlləsinin müvafiq bəndlərinə və məhkəmənin təqdim etdiyi əsaslara uyğun olaraq, sabiq Prezident Administrasiyası rəhbərinə ev dustaqlığı tədbiri seçilib. Lakin cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bu qərarın hüquqi əsası nəyə dayanır? Dövlətə xəyanət ittihamı ilə üzləşən şəxslərə qanunvericilik hansı sanksiyaları nəzərdə tutur və qarşıda Mehdiyevi hansı cəzalar gözləyə bilər? Çünki proses hələ tam yekunlaşmayıb.

Tribunainfo.az-a məsələ ilə bağlı danışan hüquqşünas-vəkil Ruslan Mustafazədə bildirib ki, verilən məlumatlardan bəlli olur ki, hal-hazırda R. Mehdiyevə qarşı qaldırılan 3 maddə üzrə cinayət işi var. O maddələrin hər biri kifayət qədər ağır sanksiyalardır.

R. Mustafazədənin sözlərinə görə, 12 ildən 20 ilə qədər, hətta ömürlük azadlıqdan məhrum edilmə ilə bağlı olan sanksiya, cəza nəzərdə tutulan maddə də var. Bu maddələrlə ittiham olunan şəxs barəsində məhkəmənin ev dustaqlığı növündə qətimkan tətbiqini seçməsi biz hüquqşünaslar üçün də maraqlı oldu.

“Belə ki, adətən məhkəmə sanksiya məsələsinə baxan zaman, digər məsələlərlə yanaşı şəxsə verilən ittiham üzrə maddələrin sanksiyasında nəzərdə tutulan cəzaların da yüngül, az ağır, ağır cəzalar olması ilə də bağlı məsələyə də diqqət yetirir. Bir çox hallarda şəxsə verilən ittihamda ağır cəzaların nəzərdə tutulduğu maddələr varsa, məhs elə buna əsaslanaraq, şəxs barəsində həbs növündə qətimkan seçilməsini təsdiq edir”.

Qanunvericilikdən bəhs edən hüquqşünas qeyd edib:

“Düzdür, qanunvericilikdə şəxs barəsində, həbs növündə qətimkan tətbiqinin seçilməsinin əsaslarında digər məhkumluq halları da var ki, bunlar araşdırılmalıdır. Yəni, şəxsin istintaqdan yayınması, qaçıb gizlənmək imkanları, istintaqa və şahidlərə təsir etmək imkanları araşdırılır. Ondna sonra, sanksiya ilə bağlı, qətimkan tətbiqi ilə bağlı qərar qəbul edilir”.

Ramiz Mehdiyev məsələsinə toxunan vəkil vurğulayıb:

“R. Mehdiyevin şəxsiyyətini araşdıran zaman bəlli olur ki, bu şəxsin istintaqdan gizlənmək üçün kifayət qədər imkanları var. İstintaqa təsir etmək üçün olduqca imkanları var. İş üzrə şahid, zərərçəkmiş kimi cəlb ediləcək şəxslərə təsir etmək imkanları var. Bu şəxs uzun illər yüksək vəzifələrdə çalışmış, çox geniş ətrafı, maddi imkanları olan bir şəxsdir. Bu halların hər birinin bu şəxsdə olması mümkündür. Bu səbəbdən də məhkəmənin hansı əsaslarla Ramiz Mehdiyev barəsində həbs növündə deyil, ev dustaqlığı növündə qətimkan tətbiq etməsi açığı hüquqşünasların əksəriyyətini maraqlandırır. Bir çox hallarda biz vəkillər məhkəmələrdə şəxs barəsində həbs-qətimkan tətbiqi deyil, ev dustaqlığı növündə qətimkan tətbiqinin seçilməsi barədə vəsatətlər, şikayətlər versək də, buna nail ola bilmirik. Bu səbəbdən həmin qərarla tanış olmaq, o qərarda göstərilən əsaslarla tanış olmaq hər bir hüquqşünas, vəkil üçün maraqlı olardı”.

Dəniz Pənahova