Bir çox işçi əmək məcəlləsindəki qanunlardan xəbərdar olmadığı üçün öz haqlarını tələb edə bilmir. Müəssisə bağlandıqda əmək stajından asılı olmayaraq hər bir işçiyə müavinət ödənilir. Həmin müavinətin miqdarını tanınmış hüquqşünas Əsabəli Mustafayev maddə-maddə Tribunainfo.az-a açıqladı.
Hüquqşünas bildirib ki, işəgötürənlər müəssisə bağlandıqda işçilərin əmək kitabçalarına yazırlar ki, öz istəyi ilə işdən azad olunub. Burada işəgötürənlər öz mənfəətini güdürlər.
Onun sözlərinə görə, əmək qanunvericiliyinə görə, müəssisə bağlandıqda və ya bağlanma səbəbindən asılı olmayaraq onlar işçiyə müavinət ödəməlidirlər.
“Müəssisə bəzən tam bağlanır bəzən isə mülkiyyətçisi, təsisçisi dəyişdirilir. Belə olan halda bəzən bunu bilərəkdən edirlər ki, bir müəssisə bağlanır və bazasında ayrısı yaranır ki, müəyyən öhdəliklərdən yayına bilsinlər. Praktikada buna rast gəlirik ki, əslində həmin müəssisə qalır sadəcə mülkiyyətçisi müxtəlif səbəblərdən dəyişdirilir. Burada məqsədlər müxtəlif ola bilər. Mülkiyyətçi obyektini sata, bağışlaya, vərsəliklə verə, oğluna hədiyyə edə bilər.
Əgər müəssisə əmək məcəlləsinin 70-ci maddəsinin a bəndinə, yəni müəssisə ləğv edilməklə bağlanırsa onda dediyim kimi əmək stajından asılı olaraq işçiyə müavinət verilməlidir. Bir ilədək staja görə, lap 3-5 ay işləyibsə orta aylıq əmək haqqı miqdarında, 1 ildən 5 ilə qədərdirsə orta əmək haqqının 1.7 misli miqdarında, 10 ildən çox stajı olanlara isə orta əməkhaqqının ən azı 2 misli miqdarında müavinətlər ödənilir.
Müəssisə əgər mülkiyyətçinin dəyişdirilməsi ilə bağlı ləğv olunursa bu zaman orta aylıq əmək haqqının ən azı 3 misli miqdarında müavinət verilməlidir.
Müəssisə isə əldən-ələ keçir, təsisçiləri sadəcə dəyişir və ancaq özü qalır, bazası qalırsa bu halda işçilərə həmin maddə ilə azad olunarsa 74-cü maddənin e bəndi ilə daha doğrusu əmək müqaviləsi əgər əmək məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsi nin c bəndi ilə müəssisə mülkiyyətçinin dəyişdirilməsi ilə əlaqədar ləğv olunursa bu zaman ən azı orta əmək haqqına 3 misli miqdarında müavinət ödənilir.
Praktikada da dediyim kimi bu müəssisələrin bağlanması formal olur. Yəni bir əldən digər ələ keçir, təsisçilər dəyişir. Bu zaman 3 misli miqdarında işçiyə müavinət ödənməlidir. Bu böyük məbləğ ola bilər. Ona görə də bu yükdən, öhdəlikdən qaçmaq üçün işəgötürənlər bəzən ya işçilərdən ərizə alırlar ki, öz istəyi ilə çıxırlar və ya heç xəbər belə etmədən deyirlər ki, iş yerləri azaldı, ixtisara düşdü və işdən çıxarılırsınız. Əmək kitabçasında isə yazırlar ki, guya öz xoşu ilə çıxdı”.
Dəniz Pənahova