“Biz seçkidən sonra ölkədə islahatların köklü şəkildə aparılmasına ümid bəsləyirik. Hesab edirəm ki, hüquq-məhkəmə sistemində, idarəetmədə ciddi addımlar atılacaq”. Bu sözləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun fikrincə, hökumət sosial təminat, qanunvericiliyin təkmilləşdirilməsi, insan haqları sahələrində mühüm addımlar ataraq müsbət dəyişikliklərə getməlidir. X.Teyyublu xalqın 2024-də hakimiyyətdən ciddi gözləntiləri olduğunu düşünür: “Ölkədə məhkəmənin müstəqilliyi çox vacibdir. Qanunların işlək olması, ASAN Xidmət modelinin bütün sahələri əhatə etməsi labüddür. Cəmiyyət sosial rifahın yüksəlişini gözləyir. Qalib xalqın həyat səviyyəsi yüksək olmalıdır. Yəni biz işğal probleminə son qoymuşuq, indi diqqət daxili inkişafa yönəlməlidir”.