“Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə son qoyulmasının vaxtı çatıb. Hətta deyə bilərik ki, bunun üçün gecikmişik. Hesab edirəm ki, icra hakimiyyətləri ləğv edilməli və bir struktur olaraq fəaliyyətinə tamamilə son qoyulmalı, əvəzində onların səlahiyyətləri bələdiyyə orqanlarına verilməlidir”.
Bu sözləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, qarşıdan bələdiyyə seçkiləri gəlir:
“Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına, onlara daha geniş imkanlar yaradılmasına ehtiyac var. O baxımdan ciddi dəyişikliklər gözləyirik və təklif edirik ki, istər Bakıda, istərsə də regionlarda bələdiyyələrin funksionallığı daha da genişləndirilsin”.
O əlavə edib ki, bələdiyyə seçkiləri bu dəfə daha fərqli keçirilməlidir: “Bələdiyyələrin əhəmiyyəti daha da artırılmalıdır. İnsanların bələdiyyə seçkilərində iştirakı təşkil olunmalı, seçicilərin bələdiyyə orqanlarına, bələdiyyəyə inamı yaradılmalıdır. Hazırda bələdiyyələrə cəmiyyətdə bir inamsızlıq var. Bələdiyyələr əhali arasında torpaq satan bir struktur kimi tanınır. Bu yanaşmanı dəyişmək lazımdır. Hesab edirəm ki, tezliklə Türkiyə sisteminə keçilməlidir”.