Xocalı cəlladı Vitali Balasanyanı qanunsuz silah daşımağa görə 3 il həbs gözləyir. Bunu hüquq müdafiəçisi Xəzər Teyyublu Tribunainfo.az-a deyib. Onun sözlərinə görə, Vitali həbs olunmaya, sadəcə, istintaq altında saxlana bilər. Hüquq müdafiəçisi hesab edir ki, hökumət separatçılara təzyiq etməklə onları zərərsizləşdirir, çünki Paşinyana başağrısı ola bilər. Bundan əlavə, hüquq müdafiəçisi Balasanyanın silahı təslim etməsi ilə onun öz işini yüngülləşdirdiyini düşünür. Belə aydın olur ki, Paşinyan separatçıları demilitarizasiya edir.
Politoloq Elxan Şahinoğluya görə, Paşinyan Ermənistana köçən bir qrup separatçıya göz dağı vermək istəyir: “Bəlli olub ki, Qarabağdan Ermənistana köçən ermənilərin bir qismində silah aşkarlanıb. Bu silahların gələcəkdə hakimiyyətə qarşı yönəlməməsi üçün Paşinyan böyük ehtimalla separatçıların liderlərini nəzarətə götürmək əmrini verib. Açılan cinayət işləri separatçıları Paşinyana qarşı gələcək addımlardan çəkindirməlidir. Nikol Paşinyan Qarabağ ermənilərinin mütləq əksəriyyətini İrəvana buraxmamaqla, ucqar şəhər, qəsəbə və kəndlərdə yerləşdirməklə doğru gediş edib. Qarabağ erməniləri bu vəziyyətdə Ermənistanın radikal müxalifətinə güc qata bilməyəcəklər”.
Qeyd edək ki, Qarabağdan Ermənistana qaçan terrorçu Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub. Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Balasanyan mərkəzi polis idarəsinə gedib, özünü təqdim edib və üzərindəki 16 ədəd 9 mm çaplı patronla doldurulmuş 2 ədəd darağı olan “Makarov” tipli tapançanı təhvil verib. İstintaq komitəsindən bildirilib ki, Ermənistan qanunvericiliyinə uyğun olaraq məsələ ilə bağlı cinayət işi başlanıb. Ermənistanın daxili işlər naziri də parlamentdə çıxışı zamanı Qarabağdan gələnlərdə silah-sursat olduğunu, bəzilərinin aşkarlandığını açıqlayıb və ermənilərə silahları təhvil verməyə çağırıb. Göründüyü kimi, separatçılar Ermənistanda da tərksilah edilir.