Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun “Şöhrət” ordenli üzvləri Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Tribunainfo.az müraciətin mətnini təqdim edir:
“Hörmətli cənab Sədr,
Biz, Azərbaycanda tanınmış Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Sizə, Yeni Azərbaycan Partiyasının sədrinə müraciət edərək aşağıdakı məqamı diqqətinizə çatdırmaq istərdik.
Sizə müraciət etməkdə məqsədimiz Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü olan və uzun illər bizimlə birlikdə bu sahədə çiyin-çiyinə çalışan tanınmış hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru, Sizin imzaladığınız Sərəncama əsasən 2017-ci ildə ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş Yeni Azərbaycan Partiyasının üzvü Çingiz Qənizadənin YAP-ın sıralarında parlament seçkilərində iştirakının təmin edilməsi ilə bağlıdır.
Biz Yeni Azərbaycan Partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısında Ç.Qənizadənin adının olmasına ümid edir və inanırıq ki, o, parlamentdə təmsil olunarsa, öz biliyi, savadı, bacarığı və natiqlik qabiliyyəti ilə ölkəmizə və dövlətimizə fayda verəcəkdir.
Onu da qeyd etmək istəyirik ki, IV və V çağırış Milli Məclisin deputatı olmuş Çingiz Qənizadənin VI çağırış Milli Məclis seçkilərində keçmiş İmişli rayon icra hakimiyyətinin başçısının seçkilərə müdaxiləsi və İmişli RİH-in başçısının öz namizədinin “qələbə” qazanması məqsədi ilə pozuculuq hərəkətləri nəticəsində 80 saylı İmişli-Beyləqan seçki dairəsində topladığı nəticələr ləğv edilmişdi. Buna səbəb isə hazırda həbsdə olan keçmiş İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin göstərişi ilə məntəqə seçki komissiyaları tərəfindən hazırlanmış protokolların bilərəkdən qaralanması (19 məntəqədə) və qaralanmış şəkildə MSK-ya təqdim edilməsi olmuşdu.
Lakin VI çağırış Milli Məclis seçkisindən sonrakı bütün bu illərdə o, Prezidentinin, dövlətinin və xalqının yanında olmağı bacarmış, bir gün də olsun ruhdan düşməyərək ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərməklə televiziyalarda, radiolarda, ölkənin digər aparıcı mətbu orqanlarında Sizin siyasətinizi dəstəkləməklə yanaşı, həm də Sizin ölkəmizin milli və dövlət maraqlarına xidmət edən siyasətinizin təbliğatçısına çevrilmişdir.
Həm 44 günlük Vətən müharibəsi zamanı, həm postmüharibə dövrlərində, həm antiterror tədbirləri zamanı, həm də bizim qələbələrimizi həzm etməyən yerli və xarici qüvvələrə qarşı mübarizədə Sizin yanınızda olmaqla bərabər, həm də ölkə əhalisinin bu sahədə maariflənməsində və düşmənlərimizə layiqli cavab verilməsində Ç.Qənizadə demək olar ki, hər gün ölkə mətbuatında çıxışlar edərək sinəsini həmin düşmənlərə qarşı sipər etməyi bacarmışdır.
Qeyd etmək istəyirik ki, ötən seçkilərdən bu günə qədər Çingiz Qənizadə telakanallarda 659 dəfə, radiolarda 61 dəfə, rəsmi mətbuatda 437 dəfə, digər KİV-lərdə 3400 dəfə çıxış etmiş, yazılar yazmış, dövlətinin və dövlətçiliyinin yanında olması barədə mövqeyini öz fəaliyyəti ilə sübut etmişdir. Belə hesab edirik ki, bu cür göstərici ictimai-siyasi fəaliyyətlə məşğul olan və Prezidentinin siyasətini dəstəkləyən bir çox şəxslərdə yoxdur.
İnanırıq ki, gələcəkdə də savadından, dünyagörüşündən və natiqlik bacarığından istifadə etməklə o həm ölkəmizin və dövlətimizin milli maraqlarının qorunmasında ən yaxşı siyasətçilərdən biri, həm də Sizin yürütdüyünüz siyasətin ən yaxşı təbliğatçılarından biri olacaqdır.
Onu da qeyd etmək istəyirik ki, hal-hazırda Milli Məclisdə bir nəfər də olsun tanınmış hüquq müdafiəçisi təmsil olunmur.
Dərin hörmət və inamla,
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri, “Şöhrət” ordenli hüquq müdafiəçiləri:
Novella Cəfəroğlu
Səidə Qocamanlı
Səadət Bənənyarlı
7 iyul 2024-cü il”.