Ermənistan mediası hökuməti təkcə, qonşu ölkələrlə deyil, həmçinin digər mühüm ölkələrlə münasibətlər qura bilməməkdə ittiham edir. Tribunainfo.az xəbər verir ki, “Hraparak” qəzeti bu mövzuda bir qədər də irəli gedərək, İrəvana Azərbaycanın qlobal siyasətdə oyununu misal çəkib.
Qəzet yazır ki, Azərbaycanın hazırda Rusiya ilə münasibətləri normal səviyyədədir. “Söhbət təkcə strateji müttəfiqliyə dair sazişdən getmir. Həm də Bakı Moskva ilə etibarlı münasibət qurmağa nail olub”.
Erməni nəşri Azərbaycanın həmçinin Türkiyə və İsraillə münasibətlərinə də toxunub. Nəşr yazır ki, Türkiyə NATO ölkəsi, İsrail isə NATO-nun tərəfdaş ölkəsidir. “Azərbaycan Türkiyə ilə müttəfiqdir. Eləcə də İsraillə. Düzfür, bu gün İsraillə Türkiyənin münasibətləri yaxşı deyil. Amma Azərbaycan bu iki ölkə arasındakı münasibətlərə qarışmadan, hər iki tərəflə üst səviyyədə əlaqə yarada bilib”.
“Hraparak” daha sonra qeyd edir ki, rəsmi Bakı Qərblə də yaxşı münasibətlərə malikdir. “Ümumiyyətlə, Azərbaycan təkcə təhlükəsizlik və geosiyasət baxımından deyil, həm də iqtisadiyyat və xüsusilə enerji baxımından Qərb üçün müəyyən maraq kəsb edir. Bütün bunları nəzərə alaraq demək olar ki, Bakı mümkün həddi aşmaq üçün ABŞ-la münasibətləri lazımi səviyyədə saxlamağa çalışır”.
Qəzet sonda yazıb ki, “Azərbaycan dörd bir tərəflə olduqca yaxşı əlaqələr qurub və bunun bəhrəsini görür. Ermənistan isə hələ indi velosiped sürməyi öyrənir”.