İstintaqçılar parçalanmış meyitin qollarını axtarır
İstintaqçılar parçalanmış meyitin qollarını axtarır
Sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yaymaqla onun kimliyini tanıya biləcək şəxslərin köməyi ilə müəyyən etməyə çalışırlar. 1 həftədir ki, nəticə yoxdur. Bununla belə, hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri də davam etdirilir.
“Yeni Müsavat”a daxil olan məlumata görə, istintaqçılar mərhumun qollarını da bu günə qədər axtarırlar. Bundan başqa, tapılan başın ekspertizası zamanı da iş üçün əhəmiyyət kəsb edə biləcək məqamlar üzə çıxıb. Aydın olub ki, mərhumun başı, qaşları, hətta kirpikləri də qırxılıb. Bu prosesin qətldən sonra həyata keçirildiyi ehtimal edilir.
Mərhumun qolları niyə xüsusi şəkildə gizlədilib? Niyə qaşları, başı, hətta kirpikləri qırxılıb?
Mərhumun öldürüləndən sonra hissələrə parçalanıb kanalizasiyaya atılmasının qətlin ört-basdır edilməsinə hesabalanması birmənalıdır. Qatil bu hərəkəti “meyit yoxdur, fakt da yoxdur” düşüncəsi ilə etsə də, artıq meyit də, fakt da ortadadır.
Amma belə görünür ki, qatil və ya qatillər hissələrə parçalanmış bədənin tapılacağı ehtimalını da nəzərdən keçiriblər və mərhumun qollarını kanalizasiyaya atmayıblar.
Belədə daha bir sual yaranır – qatil qolları gizlətməklə niyə nail olmaq istəyib?
Mümkündür ki, mərhum əvvəllər məhkum edilmiş şəxs olub və onun polisin kartotekalarında əl-barmaq izləri var. Qatil də mərhumun kimliyi haqda bilgili olduğundan qollarını kəsib və kanalizasiyaya atmayıb. Qatil əl-barmaq izlərinə əsasən mərhumun kimliyinin müəyyən edilə biləcəyini təxmin edib və bunu nəzərə alaraq qolları xüsusi olaraq gizlətməyə çalışıb. Bununla da istintaqçıları mərhumun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində əl-barmaq izlərinin identifikasiyasını gerçəkləşdirməkdən məhrum edib.
Mərhumun saçlarının, qaş və kirpiklərinin qırxılması isə belə nəticə çıxarmağa əsas verir ki, öldürülən, böyük ehtimalla, radikal dindarlardan olub. Qatil mərhumun baş-qaşını qırxmaqla ümumi görünüşünü tanınmaz hala qədər dəyişməyə cəhd edib.
Daha bir maraqlı detal odur ki, qatil 4 atəş açmaqla şəxsi həyatdan məhrum edib. Bundan sonra hadisə yerindən gilizləri də götürməyi unutmayıb. Bu da son nəticədə istintaqçılara qətlin hansı silahla törədilməsini dəqiqləşdirməyə imkan verməyib.
Qatilin bunca tədbirli olması maraqlı bir sualı da aktuallaşdırır, kimliyi barəsində fikir yaradır.
Qatil kimdir? Hansı peşənin sahibi olub? İstintaq işinin incəliklərini haradan bilir?
Mümkündür ki, qatil hüquq-mühafizə orqanlarının iş prinsiplərinə, əməliyyat-istintaq işlərinin aparılma qaydasına bələd biridir. O, atdığı addımlarla – ilk əvvəl hadisə yerindən gilizləri yığmaqla, meyiti parçalamaqla, sonradan qolları gizlətməklə, saçlarını, kirpiklərini qırxmaqla cinayətin üstünün açılamasını gizlətməyə nail olmağa çalışıb. Belə görünür ki, hələlik buna nail olub. Qatilin qətlin üstünün açılmasına qarşı bunca preventiv tədbirlər görməsi onun qətlin üstünün açılmaması üçün də addımlar atacağı ehtimalını gücləndirir. O, qətl barəsində hər hansı bir formada məlumatlı olan şəxsi və ya şəxsləri də aradan götürmək üçün hərəkətə keçə bilər. Bəlkə də artıq keçib…
Mərhumun fotoşəklini bir daha təqdim edirik. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı Şəhər Prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.
Xatırladaq ki, Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni sentyabrın 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Xəbərə görə, kriminalistlər kəsilmiş başı və ayaqları “Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında aşkar ediblər. Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayb. İstintaq-əməliyyat tədbirləri davam edir.
E.MƏMMƏDƏLİYEV