Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində iki gündür ki, geniş əraziləri əhatə edən elektrik enerjisi problemi yaşanır. Axşam saatlarından gecəyə qədər tamamilə işıqsız qalan sakinlər zülmət içində yatmağa məcbur olurlar. Yayın ən isti günlərində – 35-40 dərəcə istidə kondisionersiz qalmaq, xüsusilə yaşlılar, uşaqlar və xəstələr üçün vəziyyəti daha da ağırlaşdırıb.
Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, elektrik enerjisi gün ərzində dəfələrlə verilib-kəsilir, gecələr isə ümumiyyətlə yoxdur. Məsələ ilə bağlı müvafiq qurumlara edilən zənglər isə konkret nəticə vermir.
“İki gecədir evdə nəfəs almaq olmur. Pəncərələri açırıq, amma Allahın küləyi belə əsmir. Kondisioner işləmir, uşaq yatmır, yaşlılar nəfəs almaqda çətinlik çəkir,” – deyə Hövsan sakini bildirib.
Hətta bəzi sakinlər telefonlarının, soyuducularının, məişət avadanlıqlarının zədələdiyini qeyd edib. Bu da maddi ziyana səbəb olub.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən rəsmi açıqlama verilməyib. Onların vətəndaşların zənginə belə cavab vermir. Hətta qəsəbənin işıq səbəkəsinə nəzarət edən şəxsin nömrəsi isə məşğul olur və ya zəng çatmır. Sakinlər isə problemin tezliklə aradan qaldırılmasını və onlara səbəbin izah olunmasını tələb edirlər.
Dəniz Pənahova