backend

“Hoqqa” filmi təqdim olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Nizami Kino Mərkəzində “Hoqqa” filminin təqdimat mərasimi keçirilib. 

Dünən Nizami Kino Mərkəzində “Hoqqa” filminin təqdimat mərasimi keçirilib.

TİA.AZ xəbər verir ki, 77 dəqiqəlik filmin ssenari müəllifi və baş prodüseri Fariz Əliyev, layihə rəhbəri Oqtay Əliyev, rejissoru isə Cavid Təvəkküldür. Filmin çəkilişləri Qubanın bir neçə kəndində baş tutub. Baş rollarda Dilarə Əliyeva, Elməddin Cəfərov, eləcə də Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov və başqaları çəkilib.

Dilarə Əliyeva tamaşaçıları doyunca güldürə biləcəklərinə inandığını bildirib: “Bu “Hoqqa”nı bura gətirib çıxarana qədər çox hoqqalardan çıxdıq. Mövsümün ən gülməli filmi olacağına inanıram. Film boyunca tamaşaçıların diqqətini çəkən aforizmlər və çox maraqlı replikalar var. Hansı ki, onlar insanların gündəlik həyatında istifadə edə biləcəyi aktual aforizmlərə çevriləcək. Bəlkə əlimə bir də belə şans düşməyəcək, ona görə də buradan həyat yoldaşım Oqtay Əliyevə bizə dəstək olduğu üçün dünyalar qədər təşəkkür edirəm”.

Elməddin Cəfərov filmi ilk dəfə qala gecəsində izlədiyini bildirib və zarafatlarından geri qalmayıb: “Oqtay Əliyev filmin layihə rəhbəri olduğu üçün ona təşəkkür etdin, yoxsa mən də həyat yoldaşıma təşəkkür etməliyəm? Həyat yoldaşıma təşəkkür edirəm və əlbəttə ki, gələn bütün qonaqlarımızı salamlayıram. Çox həyəcanlıyam, inanmaq istəyirəm ki, bəyənəcəksiniz. Bəyənməsiniz də fikir verməyin, elə bil ki, ömrünüzdən 77 dəqiqə boşa getdi”.

Filmin layihə rəhbəri Oqtay Əliyev bizimlə təəssüratlarını bölüşüb: “Tamaşaçıların baxmaq istədiyi filmdir. Türk filmləri və komediyalarına bizdə çox baxılır, biz də öz növbəmizdə həmin tamaşaçıları Azərbaycan filmlərinə qaytarmağa çalışmışıq”.

O.Əliyev filmin gəlir gətirəcəyinə inandığını xüsusi vurğulayıb: “Əlbəttə ki, iddialıyıq. Hər bir kommersiya filminin arxasında gəlir dayanır. Əgər o gəlir yoxdursa, iş görmək olmaz. İllərdir ki, həyat yoldaşımla birlikdə çalışırıq. Ona hər gün, hər an, evdə də, işdə də, yemək də, geyimdə də, hətta bu filmin çəkilişlərində də iradlarım olur. Lakin qeyd etməliyəm ki, mənim üçün birinci növbədə yaxşı həyat yoldaşı olması vacibdir, daha sonra onun peşəkarlığı önəm daşıyır”.

Qala gecəsində Azərbaycanın Əməkdar artisti, Oqtay Əliyevin atası Vidadi Əliyev də iştirak edib. O bildirib ki, burada rol alan aktyor heyətinin işlərinə bələd olduğu üçün filmin tamaşaçılarını güldürəcəyinə şübhə etmir: “Dilarə Əliyeva və digər aktyor heyətini tanıyıram və bu, mənə deməyə imkan verir ki, film uğurlu alınacaq”.

V.Əliyev iş prosesində gəlini D.Əliyevaya daim iradlarının olduğunu söyləyib: “İş prosesində irad yox, dava və qırğınlarımız olur. Baş rollarda Dilarə və Azər Axşamın oynadığı “Ata və oğul” tamaşasını mən hazırlamışam. Onda da mübahisələrimiz olmuşdu. Lakin unutmaq lazım deyil ki, heç bir iş asanlıqla ərsəyə gəlmir. Nə qədər təcrübəli və peşkar da olsan, işdə həmişə nə isə bir problemlər çıxır. Dilarə Əliyeva iradlarımı əsl aktrisa kimi qəbul edir, orada artıq qohumluq münasibətləri rol oynamır. Orada ancaq sənət və tələb var”.

Qala gecəsində “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı, Xalq artistləri Firəngiz Mütəllimova, Afaq Bəşirqızı, Əməkdar artistlər Röya Ayxan, Naidə Orucova, Bəhram Bağırzadə, Mehriban Zəki, Sənubər İsgəndərli, rejissor İlham Qasımov, aparıcılar Samir Bayramlı, Şəhriyar Əbilov, Kamilə Babayeva və başqaları iştirak edib.

Filmin nümayişi texniki problemlərə görə qeyd edilən tarixdən gec başlayıb.