İqtisadçı Natiq Cəfərli Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başladıqdan sonra ildə 2,5-3 milyard dollar tranzit gəliri əldə edəcəyi haqda deyilənləri yanlış hesablama adlandırıb.
Tribunainfo.az-ın məlumatına görə, hardan bu fantastik rəqəmi əldə ediblər – bu haqda detallar yoxdur. Onun sözlərinə görə, İran və Rusiyaya qarşı irimiqyaslı beynəlxalq sanksiyalar varkən bu koridora çoxsaylı ölkələrin qoşulması mümkün deyil, yəni söhbət əsasən İran və Rusiya arasında ticarət dövriyyəsindən gedə bilər. “2022-ci ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi kəskin artdı, 4,9 mlrd. dollara çatdı. Amma ikilitəyinatlı, hərbi mənşəli yüklər Xəzər dənizi üzərindən dənizlə daşınır – yəni, bu iki ölkə arasında dəniz yükdaşıması var ki, bu həm ucuzdur, həm də digər ölkələrdən asılı olmadan həyata keçirilir.
Tranzit gəlirləri isə cüzidir, hər 100 mln. dollar yük daşımaya, ortalama, 0,5 mln. dollar tranzit gəliri ola bilər, yəni ildə 2,5-3 mlrd. dollar tranzit gəliri üçün trilyonlarla dollar dəyərində yükdaşımalar olmalıdır.
Hökumət camaata yeni hekayə satmaq istəyirsə, heç olmasa ağla-məntiqə uyğun nəsə fikirləşməlidir. O demək deyil ki, Azərbaycan Şərq-Qərb, Cənub-Şimal dəhlizlərində aktiv olmamalıdır, təbii ki, daha aktiv mövqe almalıyıq, Zəngəzur yollarının (həm Ermınistan, həm də İran) açılmasına çalışmalıyıq, amma bu böyük tranzit gəlirləri gətirən sahə deyil. Sadəcə bu geosiyasi və geocoğrafi üstünlüklər yaradır və ölkəmiz bu üstünlüklərdən sonunadək istifadə edib qazanmağı bacarmalıdır”.