backend

Hitlerin milyardları kimə qaldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1933-cü ildə alman milli-sosialistlərin lideri Adolf Hitler Reyxskansler postunu tutdu.  

1933-cü ildə alman milli-sosialistlərin lideri Adolf Hitler Reyxskansler postunu tutdu. 

Onun seçiciləri seçimlərində yanılmadıqlarına əmin idilər. Seçicilərin fikrinə görə, cibində qara qəpiyi olmayan əsgər tezliklə Almaniyanın qüdrətini bərpa edəcək. Onlar haqlı idilər. O dövrdə Hitlerin maliyyə işləri əla təşkil edilmişdi. Növbəti ildə Hitlerin var-dövləti həddən artıq çoxaldı. Bu milyardlar kimə qismət oldu?

TİA.AZ ölkə.az-a istinadən Hitlerin milyardlara necə sahib olması ilə bağlı yazını təqdim edir.

Adolf Hitler xatirələrində yazır: “Gənclik illərimdə aclıq mənim daimi yoldaşım idi. Vyanada təhsil aldığım illərdə yoxsul və evsiz idim”.

Onun bu sözlərindəki səmimiyyətə almanlar şübhə etmirdilər. Fürer 13 yaşında atasını, 18 yaşında isə anasını itirib.

Səngərdən siyasətə

Adolf və bacısı Avstriya dövlətinin hesabına aclıqdan ölmədi. Dövlət onlara kompensasiya ödəyirdi. Bundan başqa, qohumları da yetimlərə kömək edirdilər. Avstriya tarixçisi Anna Ziqmund müəyyən edib ki, Adolfun bibisi hər ay Vyanaya 1584 kron (müasir pulla 1800 avro) göndərirdi. Adolf Vyanaya, yəni Avstriya-Macarıstan imperiyasının paytaxtına incəsənət akademiyasına daxil olmaq üçün gəlsə də, iki dəfə imtahandan kəsilir. Evə qayıtmaq isə heç ağlının ucundan da keçmirdi.

Əslində Hitler işsiz deyildi. O, miniatürlər, reklam plakatları, məşhur əsərlərin surətini çəkirdi. Onun işi o qədər yaxşı gedirdi ki, yetim təqaüdündən bacısının xeyrinə imtina edir. Sonradan onun bibisi rəhmətə gedir və Adolfa külli miqdarda miras qalır.

1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi Adolf tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. O, 16-cı Bavariya polkuna yazıldı və cəbhədə qəhrəmancasına vuruşdu. Bunu onun yaralanması və hər iki dərəcədə Dəmir xaç ordeni təsdiq edir. Hərbi xəstəxanada müalicə olunan yefreytor Hitler Almaniyanın təslim olduğunu eşidəndə şok yaşayır. O, bu hadisəni eşidən kimi dedi: “Məğlubiyyət satqınçılıq işidir. Bu alman ordusuna arxadan zərbə vurmaqdır”.

Revanş fikri ilə alışıb-yanan Hitler 1919-cu ilin sentyabr ayında alman fəhlə partiyasının sıralarına daxil olur. Sonradan bu partiya milli –sosialist partiyasına çevrilir. Bu ittifaq ona nəinki fürer ünvanını, həm də böyük var-dövlət qazandırdı.

Adolf partiya sıralarına daxil olanda təşkilat o qədər kasıb idi ki, toplantılarını pivəxanada keçirirdi. Pivəxananın sahibi isə qazanc əldə etmək üçün onları məkanına buraxırdı.

Hitlerin çıxışları və nitqləri kütlənin diqqətini cəlb etməyə başladı. Adolf hər çıxışı üçün 200-250 mark qonorar tələb etdi. Partiya ona “Volkischer Beobachter” qəzetindəki məqalələrinə görə də pul ödəməyə başladı. 1921-ci ildə Hitler artıq Almaniyada “Selve” markalı avtomobillə hərəkət edirdi. Gün ərzində bir neçə yerdə çıxış edən Hitler həm partiya sıralarına yeni üzvlər cəlb edir, həm də külli miqdarda pul qazanırdı.

Amma vergi orqanları işin üstünə düşmüşdülər. 1921-ci ildə Münhenin ikinci maliyyə idarəsi Hitlerdən gəlirlərini göstərən deklarasiya tələb edirlər. Amma Adolf vergi ödəmək istəmirdi. “Avtomobili haradan almısız?” sualına- “Bu mənim deyil, işin maşınıdır və partiyaya məxsusdur”-cavabını verir. Vergi müfəttişləri müvəqqəti də olsa, şübhəlidən əl çəkmək məcburiyyətində qalırlar.

Qayğısız həyat

1923-cü ilin noyabr ayında Hitlər və tərəfdarları Münhendə iğtişaş törətdilər. Bu hadisə tarixə “Pivə qiyamı” kimi düşüb. “Pivə qiyamı”na görə nasistlərin lideri 5 il həbs cəzasına məhkum edilsə də, cəmi 9 ay həbsdə yatır. Məhz həbsxanada Hitler “Mənim mübarizəm” əsərini yazır.

Marksın “Kapital” əsəri ona bir qəpik qazandırmasa da, Hitler pul qazanmaq barədə düşünürdü və qazanır. Kitab əvvəlcə o qədər də satılmasa da, sonradan satılmağa başlayır. Vergi müfəttişləri kitabın müəllifini yazıçılar siyahısına daxil edir. “Mənim mübarizəm” əsəri 1933-cü ildən sonra böyük tirajlarla çap edilməyə başlayır. Çünki partiyanın hər bir üzvünün “Mənim mübarizəm” kitabı stolüstü kitabı olmalı idi. Sonradan bu kitabı yeni evlənən cütlüklərə hədiyyə verirdilər. Kitab fürerə 8 milyon reyxsmark, yəni bu günkü pulla 60 milyon dollar qazandırdı.

1925-ci ildə həbsdən azad edilən Hitler 25 min marka yeni “Mercedes” alır. Bu hadisədən sonra yenidən vergi müfəttişliyi ona məktub göndərir: “Cənab Hitler, xahiş edirik, avtomobil almaq üçün istifadə etdiyiniz vəsaitin mənbəyini göstərəsiniz”. Fürerin cavabı qısa və lakonik idi: “Mən bankdan kredit götürmüşəm. Avtomobil mənim silahımdır. Bundan başqa mənim bir yazı masam və iki kitab rəfim var. Başqa əmlakım yoxdur”. Amma vergi ona inanmadı və Adolfu məhkəməyə verdi.

Qısacası, Adolf kilsə vergisi və Blondi adlı qoyun itinə görə vergi ödəsə də, gəlir vergisi ödəməkdən boyun qaçırır, 8 il boyunca məhkəmə çəkişmələrində olur. 1933-cü ildə Adolfun vergi borcu 400 min mark, yəni 10,5 milyon dollar idi.

1934-cü ildə Maliyyə idarəsinin yeni rəisi Hitlerin statusunu yazıçıdan reyxskanslerə dəyişir. Fürer isə Üçüncü Reyxin vergidən azad edilən yeganə vətəndaşı olur.

Adolf sadəcə vergi müfəttişlərinin qarşısında özünü dindar göstərirdi. 1920-ci illərdə onu tez-tez smokinq kostyum və silindr şlyapada aristokrat salonlarında görmək mümkün idi. Adolf yeni və faydalı tanışlıqlar əldə edirdi.

Sonralar hakimiyyətə gələn Hitler özünü tərki-dünya kimi qələmə verir və o dövrün fotolarını dərc etməyi qadağan edir. Arxiv sənədləri arasında Münhenin prestijli rayonlarının birində sahəsi 320 kvadrat metr olan böyük mənzil kirayə götürdüyü barədə sənəd var. Belə bir evin illik kirayə xərci 4200 markı idi. O dövrdə bir alman professoru 4800 mark maaş alırdı.

Hitlerin o dövrdə fəaliyyəti müntəzəm olaraq ölkə daxilində səyahətlərdən ibarət idi. Siyasətçi rahatlığına düşkün adam idi. Sənədlər sübut edir ki, 1930-33- cü illər arasında otellərdə yaşayan Hitler həmişə lüks sinfinə aid nömrə sifariş edib. Bundan əlavə, Hitler tərəfindən bahalı avtomobil, qaraj və apartamentlərin kirayə götürülməsinə dair çoxsaylı sənədlər var. Adolf həm də bahalı paltar xoşlayırdı. 1932-ci ildə o, bir neçə kostyum və iki ağ jilet sifariş edir. Belə bir jiletin dəyəri 3 min avro idi (indiki pulla). Qısacası, xalqın içindən çıxan obrazı Fürerin fəaliyyətinə və həyat tərzinə qətiyyən uyğun gəlmir.

Yeni imkanlar

Hitler Almaniyada hakimiyyəti ələ keçirdikdən sonra onun qarşısında yeni imkanlar yarandı. Adolf şəxsi kapitalını artırdı. Onun aylıq maaşı 44 min mark idi. O dövrdə fürerin maaşı adi fəhlənin maaşından 200 dəfə çox idi. Bundan başqa Adolfun çoxsaylı bonusları da var idi. Məsələn, avtobioqrafiya kitabının nəşri üçün 1 milyon reyxsmark əldə edir. Bundan başqa, Adolf üzərində şəkli olan marka və fotoların satışından da gəlir əldə edirdi.

Şirkətlərin və vətəndaşların “könüllü” ianələri füreri əsl varlı adama çevirdi. Müxalifət partiyası olduğu dövrdə də Hitler partiya ehtiyacları üçün vəsait toplayırdı. Sonralar nasistlər Almaniyada vahid partiyaya çevriləndə Fürerin fərmanı ilə “Alman iqtisadiyyatının Adolf Hitlerə ianələri” adlı xüsusi fond qurulur. Bu fondun vəsaitlərindən ancaq və ancaq Hitler və onun şəxsi katibi Martin Borman istifadə edə bilərdi.

Kəşfiyyatın səylərinə baxmayaraq, bu fondun kapitalını müəyyənləşdirmək mümkün olmadı. Sadə hesablamalara əsasən, fondun balansında 70 milyon mark pul var idi. Bu məbləğ müasir pulla 3 milyard dollar deməkdir. Bu isə 1944-cü ildə Hitlerin dünyanın ən varlı adamı olduğu mənasına gəlir.

Fürerə təkcə pul yox, sənət əsərləri də hədiyyə edirdilər. Müharibənin sonunda onun şəxsi kolleksiyasında 8 min rəsm əsəri var idi.

Təəssüflər olsun ki, Adolfun ölümündən sonra onun var-dövlətinin böyük hissəsi yoxa çıxır. Sadəcə İsveçrə bankında olan hesabında 330 milyon dollar pul ələ keçir. Bir qədər məbləğ Hitlerin bacısı Paulaya çatır. 1938-ci ildə Fürer vəsiyyətnaməsində yazırdı: “Mənim sahib olduğum hər şey nasist partiyasına məxsusdur. Xahiş edirəm, bacımı, digər qohumlarımı və sadiq silahdaşlarımı sadə həyatla təmin edin”.

Amma 1960-cı ildə Münhen məhkəməsi Bavariya Alplarındakı “Qartal yuvası” qəsrinin ətrafındakı torpaqların üçdə iki hissəsini Paulaya, digər hissəsini isə Hitlerin başqa qohumlarına vermək barədə qərar qəbul edir. Paula dünyasını dəyişəndə başqa varislər tapılmır. İsveçrədə tapılan pullar isə 21-ci əsrdə məhkəmə qərarı ilə dövlət büdcəsinə köçürülür. Amma Hitlerin yerdə qalan milyardlarının taleyi naməlumdur. Bu pullar kimə çatıb? Kim gizlədib? Bu barədə məlumatı olan yoxdur…