Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Filip Ozobiç Rusiyanın “Matç TV” kanalına geniş müsahibə verib. O, müsahibədə şəxsi həyatı, “Qarabağ”dan gedişi, yeni klubu “Neftçi” və s. barədə danışıb.
Müsahibənin Azərbaycanla bağlı hissəsini təqdim edirik.
– Filip, barmağında üzüyün olmaması diqqətimi çəkdi. Demişdin ki, yayda toyun olacaq. Hələ də evlənməmisən?
– Hələ yox (gülür). Fikirləşdim ki, toy bu yay olacaq. Amma gələn ilə təxirə salmalı olacam. İstərdim ki, toyum Xorvatiyada olsun. Amma qızın dediyi yerdə keçiriləcək (gülür).
– Buna baxmayaraq, sən yayda son illərin Azərbaycan çempionu “Qarabağ”ı tərk edərək “Neftçi”yə keçdin. Buna səbəb nə idi?
– Mənim müqaviləm başa çatırdı. Yeni əməkdaşlıq təklif edən isə yox idi. Başa düşürdüm ki, klub yeni oyunçular dəvət edir və mənimlə yola davam etmək istəmir. Həm də mən mövsümün yarısını zədəyə görə buraxmalı oldum. Ona görə də az halda oynamaq şansı qazanırdım.
– Çoxlu titul qazandığın komandanı hansı hisslərlə tərk edirdin?
– “Qarabağ”la dörd dəfə Azərbaycan çempionu olmuş və avrokuboklarda oynamışdım. Azarkeşlərə hər oyundakı dəstəklərinə görə təşəkkür edirəm. Bu komandanın tərkib hissəsi olmaq mənə xoş idi. Bunlar həmişə məndə isti xatirə kimi qalacaq. Amma indi mənə irəli baxmaq lazımdır. Hazırda bütün fikrimi “Neftçi” ilə yüksək nəticələr qazanmağa yönəltmişəm.
– “Neftçi” ilə müqavilən sənin karyeranda sonuncudur, yoxsa 34 yaşında onu bitirmək haqda hələ düşünmürsən?
– Bu, mənim üçün çox erkəndir. Oynamaq və yenə də oynamaq istəyirəm (gülür). Luka Modriçin 38 yaşında ağlagəlməz formada olmasına baxmaq kifayətdir. Bu, məni futbolda mümkün qədər uzun müddət qalmağa motivasiya edir. O ki qaldı müqaviləyə, sonra nə olacağını düşünmək hələ tezdir. Ümid edirəm ki, yaxşı oynayacam və “Neftçi”nin uğur qazanmasına kömək edə biləcəyəm.
– Çempion olmağınız realdır?
– Mövsüm başlamazdan əvvəl rəhbərlik bizi yığıb, hədəfləri açıqlayacaq. Təbii ki, istənilən futbolçu çempion olmaq istəyir. Onu deyə bilərəm ki, turnir cədvəlində mümkün qədər yüksək yerdə olmaq üçün əlimizdən gələni edəcəyik. İndi isə biz bir həftə əvvəl komandaya gələn yeni baş məşqçinin tələblərinə uyğunlaşırıq.
– Yeni baş məşqçi Adrian Mutu oldu.
– Uşaq vaxtı onun oyununa televizorda baxırdım. Çox əla futbolçu idi. Belə yüksək adı, futbol anlayışı olan adam baş məşqçi olursa, hər bir futbolçu özünü 100 faiz göstərmək, yeni nəsə öyrənmək istəyir. Mən məşqçimizlə danışdım. O, məni həmişə oynadığım 10 nömrə mövqeyində görmək istəyir.
– Rusiyalı futbolçulara Azərbaycana getməyi məsləhət görərdiniz?
– Bizdə yaxşı çempionat var. Təbii ki, Rusiyadakı qədər güclü deyil. Amma burada da yaxşı oyunçu çoxdur. Amma başqa bir məqam var ki, maliyyə şərtləri çətin ki, rusiyalı futbolçuları qane etsin. Rusiyada yüksək maaş təklif edə bilən çoxlu böyük klub var. Futbolçulara heç yerə getməmək, RPL-də qalmaq sərfəlidir. Bu, mənim fikrimdir.