Heydər Əliyevin xatirəsinə həsr olunmuş stolüstü tennis idman növü üzrə qruplararası birincilik turnirinin açılış mərasimi keçirilibbackend

Heydər Əliyevin xatirəsinə həsr olunmuş stolüstü tennis idman növü üzrə qruplararası birincilik turnirinin açılış mərasimi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də geniş qeyd olunur. Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, video-konfranslar, sərgilər təşkil edilir. Onun elmi-nəzəri irsi, idarəetmə fəlsəfəsi öyrənilir.
08 may 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Təhsil Respublika İdman Mərkəzi PHŞ-nin Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş stolüstü tennis idman növü üzrə qruplararası birincilik turnirinin açılış mərasimi keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbində keçirilən açılış mərasimində Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, bu il müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyasi lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Qısa zaman kəsiyində müstəqil Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulmasında, dövlət idman siyasətinin həyata keçirilməsində Ulu öndərin əvəzsiz xidmətləri olduğunu qeyd edib.
Daha sonra çıxış edən Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ramil Tağıyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş stolüstü tennis idman növü üzrə qruplararası birincilik turnirində 4 yaş qrupu üzrə 100-ə yaxın idmançı şagirdin iştirak etdiyini bildirib, yarışın keçirilmə qaydaları və qalib idmançıların məktəbin rəhbərliyi tərəfindən diplom, medal və digər hədiyyələrlə təltif olunacaqları barədə məlumat verib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yarış iştirakçılarına uğurlar arzu edib.