Heydər Əliyev Şirvanda anıldı – Fotolarbackend

Heydər Əliyev Şirvanda anıldı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edilib.

Tribunainfo.az xəbər verir ki, mayın 10-da Şirvan Şəhər İcra Hakimiyyəti, YAP Şirvan şəhər təşkilatı və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

“Heydər Əliyev: Azərbaycanın memarı” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi bənzərsiz şəxsiyyətdir. Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış ulu öndərin adı Azərbaycanın, türk dünyasının, bütövlükdə dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılıb. Vurğulayıb ki, Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdə Azərbaycan faktiki olaraq bir dövlət kimi parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin şəraitdə böyük müdrikliklə xalq-dövlət vəhdətinə nail olan ulu Öndər mövcud təhlükələri ölkəmizdən uzaqlaşdıraraq milli birlik fəlsəfəsi yaratdı.

İlqar Abbasov şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açaraq, Heydər Əliyevin liderlik missiyasından, dünya şöhrətli siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən bəhs edib.

Sonra Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycanın memarı” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin xidmətlərindən və onun Azərbaycan xalqına verdiyi töhfələrdən danışaraq, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın, Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu diqqətə çatdırıblar.

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən”, “Ən yaxşı təqdimat” müsabiqələrində III yerin qalibləri və təhsildə fərqlənən bir qrup şagird şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunub.

Ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir Şirvan Şəhər İcra Hakimiyyətinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında geniş konsert proqramı ilə davam edib. Respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatıb.