“Həyat yoldaşımla həmkar olmağımız maraqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni peşədən olan iki insanın ailə qurması … Onlar birlikdə işləyir, birlikdə müzakirə aparır və birgə övlad böyüdürlər.  

Eyni peşədən olan iki insanın ailə qurması … Onlar birlikdə işləyir, birlikdə müzakirə aparır və birgə övlad böyüdürlər.  

TİA.AZ 22 iyul Azərbaycanda Milli Mətbuat Günü ilə əlaqədar dövri mətbuatda öz qələmləri ilə tanınan Elçin Bayramlı və Lalə Mehralı cütlüyünün qonağı oldu. İlk öncə onu qey edim ki, müsahiblərimizi tez-tez telekanallarımızda ekspert qismində də görə bilərsiniz. Onların sosial yönümlü məsələlərdə hər zaman sağlam düşüncənin nəticəsi olaraq, öz dəyərli fikirlərini tamaşaçı ilə bölüşürlər.

– Qarşıdan gələn Milli Mətbuat günü münasibətilə sizi təbrik edirəm!

– Təşəkkür edirik. Təbrikə görə minnətdarıq, sizin də bayramınız mübarək!

– Jurnalist ailəsi olmaq çətin deyil ki?


Lalə Mehralı: 


– Olduqca çətindir, həm ailə başçısı olub, ailənin qayğısını çəkməlisən, həm də evdə olsan belə iş saatın bitmiş hesab olunmur. Gözün həmişə televizorda, saytlarda, informasiya mənbələrindədir. Bir əlimlə uşaq beşiyi yellədiyim, yedirdiyim, digər əlimlə kompyuter klaviaturası döyəclədiyim vaxtların sayı-hesabı yoxdur. Amma həm yoldaşımın, həm özümün eyni peşədən olmağımız maraqlıdır. Təsəvvür edin, ortaq nə qədər məşğuliyyətiniz, danışmalı mövzunuz var.  Bir hadisə baş verəndə, xəbər alanda bir-birimizlə mübadilə etməyimiz, birimizin xəbərsiz olduğu bir informasiya barədə digərimizə məlumat ötürdüyümüz çox olub. Mən ilk praktikamı o vaxtlar baş redaktorum olan indiki həyat yoldaşımdan öyrənmişəm.

Elçin Bayramlı: 

Bəli, çətindir. Müasir jurnalistika özünə, ailənə ayıracağın vaxtı maksimum azaldır. Həm işdə, həm evdə daim KİV-i izləməlisən, hadisələrin gedişini nəzarətdə saxlamalısan. Bircə gün kənarda qalan kimi adama elə gəlir ki, Robinzon kimi kimsəsiz adaya düşmüsən, dünyadan xəbərin yoxdur, yenidən adaptasiya olmaq çox vaxt aparır. Bundan başqa, fasiləsiz məlumat axını beyni yorur. Kömpüter gözü zəiflədir. Maaş cəhətdən ən aşağı gəlirli sahədir, jurnalistin dolanışığı həmişə çətin olur. Böyük əksəriyyəti kirayədə qalır ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Buna baxmayaraq, bu sahə dünyada ən maraqlı, mənə görə müəllimlikdən sonra ən dəyərli işdir. Jurnalistika fanatizmdir, burdan ayrılmaq mümkün deyil. Məncə, əsil jurnalistlər heç vaxt jurnalistikanı tərk etmirlər- hər hansı yüksək bir vəzifə müqabilində belə.

–  Övladınızın da jurnalist olmağını istərdinizmi?

Lalə Mehralı:

– İndi dəqiq nəsə demək olmur, necə ki mənim peşə seçimimə valideynlərim qarışmayıb, mən də övladlarımın istəyinə zidd getmərəm. Amma çəkdiyimiz çətinliyi, yaşadığımız o qədər sıxıntını gözümün önünə gətirəndə fikirləşirəm ki, jurnalistikanı seçməsələr yaxşıdır. Bizim peşəmiz insanı robotlaşdırır, yaz, yaz, yaz – bitmir. Düzdür, cəmiyyəti informasiya ilə təmin etmək əslində yaxşı işdir, sadəcə çox işləyib az qazanırıq. Ona görə də övladlarımızın bizim yaşadıqlarımızı yaşamasını istəmərəm.

Elçin Bayramlı:

– Çətin sualdır. Öz vəziyyətimə baxanda istəməzdim. Amma bu sahə getdikcə inkişaf edir, bizim yaşadığımız ağır problemləri gələcəyin jurnalistləri yaşamayacaq. Ona görə istərdim. Amma uşağın öz seçiminə uyğun davranacağıq. Uşaqlarda genetik informasiya olur. Bizim uşaqlar 1 yaşından oyuncaqları kənara atıb, qələmlə, kitabla oynayır, əlinə keçən hər yeri yazıb cızmaqaralayır. Şübhələnirəm ki, onlar mütləq jurnalist olacaqlar.

–  İki jurnalist  maaşı ilə dolanmaq çətin deyil ki?

Lalə Mehralı:

– Əgər öz evimiz olsaydı normal dolana bilərdik. Amma evsizlik çox çətindir, həm mənəvi, həm psixoloji, həm də maddi yönlərdən çox əziyyətini çəkirik. Hər ay maaşımızın yarısı kirayəyə, soyuq aylarda evi istitmək üçün kommunal xidmətə gedir. Bizə qalan hissəsi ilə də həm bir ay boyunca dolanmalı, həm 4-cü sinifdə oxuyan oğlumuzu oxutmalı, həm də yaranan digər problemləri həll etməliyik.

 Elçin Bayramlı:

– Konkret bizim misalda çox çətindir. Çünki ikimizin birlikdə maaşı bir jurnalistin maaşı qədərdir. Bunun yarısı kirayə haqqına gedir. Kommunal, yol pulu və s. məcburi xərcləri çıxdıqda çox az vəsait qalır ki, onunla normal yaşamaq mümkün deyil. Hətta minimum tələbləri belə ödəyə bilmirik. Kirayə olmasaydı, indiki maaşla da normal yaşamaq olardı.

– Sizcə mətbuatımızın inkişafı üçün hansı işlər görülməlidir?

Lalə Mehralı:

-Mətbuatın inkişafı üçün həm cəmiyyət, həm dövlət çalışmalıdır. Sevindirici haldır ki, dövlət bu işin öhdəsindən yaxşı gəlir. Qəzetlərə ayrılan yardımlar, mətbuat nümayəndələrinin yaşayış səviyyəsini düzəltmək, evsiz jurnalistlər üçün ev tikmək bunun ən yaxşı nümunəsidir. Beynimizdə ay sonunu, kirayə haqqını, evi isitmək üçün 24 saat yandırdığımız sobaya görə gələcək elektrik enerjisi qəbzini düşünə-düşünə yazırıq. Şəxsən özümüzdən bilirəm, kirayədə yaşayan jurnalistin məhsuldarlığı aşağı düşür. Evlə təmin olmuş jurnalist bu qayğılardan uzaq olur. Təəssüf ki, cəmiyyətimiz mətbuatın inkişafına dəstəyini vermir. Qəzet alan vətəndaşların sayı azdır, reklamdan, elandan qazanc da yox dərəcəsindədir.

Elçin Bayramlı:

-Bununla bağlı çox yazmışıq. Qısaca deyə bilərəm ki, dövlət mümkün olan işləri görür. Problem başqa yerdədir. Qəzetlərlə bağlı vəziyyət ağırdı. Artıq adamlar hər gün 40-50 qəpik ödəyib qəzet ala bilmir, ya da almaq istəmir. Burda bir təcrübə etmək olardı, onu da etdilər- “Baku Post” qəzeti pulsuz paylanırdı və yaxşı da oxunurdu. Gəliri reklamdan əldə etməyi düşünürdülər, lakin reklam demək olar ki olmadı və bu təcrübə baş tutmadı. Ağıllı iş adamları belə qəzetlərə reklam verməli idi. Bütün dünyada belə təcrübə var və yaxşı effekt verir. Pulsuz verilən qəzet oxunur, reklamları çox adam görür.

İnternet mediada isə işlər asandı. Bu sahənin inişafı üçün imkanlar çoxdur. Qəzetlərin gündəlik çapı və sair texniki xərcləri çoxdur, agentlik və saytlarda isə belə xərclər yoxdur. Lakin bu sahədə də saysız hesabsız sayt açılıb ki, oxucu kütləsi xırda- xırda bölünür. Böyük agentliklər var, lakin onlar adi oxucu üçün darıxdırıcıdır, əsasən “quru”, standart xəbərlər dərc olunur.

Məncə bir neçə- 6 beynəlxalq dildə (fransiz, rus, ingilis, alman, ispan, ərəb) fəaliyyət göstərən iri xəbər agentliyi yaradılmalıdır və onları dünyada tanıtdırmağa çalışmalıyıq. Bu halda informasiya müharibəsində ermənilərlə mübarizə apara bilərik.

Problemlər çoxdur, bunların həlli üçün də çox fikirlər var. Hesab edirəm ki, bununla bağlı böyük konfrans təşkil olunmalı, orada konkret qərarlar qəbul olunmalıdır

– Dövlətin jurnalistlərə dəstəyindən razısınızmı?

Lalə Mehralı:

-Bizim dövlətimiz dünyada heç bir dövlətin etmədiyini etdi – jurnalistlər üçün binalar tikdi, hələ də tikməyə davam edir. 156  ev 2013-cü ildə istifadəyə verildi, bu gün isə 255 ev də təhvil veriləcək. Bu, nə qədər böyük işdir, bilirsinizmi? Yeni binanın təməli qoyulacaq, bəlkə də 4-cü, 5-ci binalar da tikiləcək, jurnalist şəhərciyi yaranacaq.  Bu dəstək deyilmi? Kirayə həyatını yaşamış insanlar yaxşı anlayır ki, bir evsizə ev tikib vermək onun üçün nə deməkdir. Bu saysız problemlərin bitməsi, hər ay sonu alın tərinin, əməyinin yarısını kirayə evə ödəməmək deməkdir. Dövlətin qayğısı həmişə jurnalistlərin üzərində olub, bunu danmaq olmaz.

Elçin Bayramlı:

– Razıyam. Azərbaycanda jurnalistlərə, mətbuatın inkişafına dövlət dəstəyi dünyada heç bir ölkədə olmayacaq səviyyədə güclüdür. Dövlət KİV-ə həm birdəfəlik illik yardımlar edir, həm layihələr üçün qrantlar verir, həm jurnalistlərin sosial problemlərini həll edir, onları mənzillə təmin edir və sair. İnandırım sizi dövlətin bu dəstəyi olmasaydı, indi ortalıqda media yox idi. Olan da çox zəif və təsirsiz halda idi.

Problem bizim jurnalistlərin özündə və cəmiyyətdədir. Cəmiyyətdə mütaliə səviyyəsi aşağıdır. Xüsusilə ciddi mövzuları. Əsasən şou, idman kimi sahələrdə yazılar nisbətən oxunur. Peşəkar və intellektual jurnalistlərin azlığı, hərənin əlinə bir qələm alıb, qəzet və ya sayt açması, dezinformasiyalar və ucuz şoular yayması medianı nüfuzdan salıb. Dövlət media sahəsinə nəzarəti artırmalı, bu sahədə qanun pozuntularına qarşı cəzaları sərtləşdirməlidir. Əks halda anarxiya yaranacaq.

Bu gün mətbuatımızda başlıca problemlər hansılardır, inkişaf etmiş ölkələrin mətbuatı ilə bizim mətbuat arasında əsas fərqlər nələrdir?

Lalə Mehralı:

-Məncə buna fərq demək olmaz, operativlik, dəqiqlik mediamızın təməl prinsipləri olub və bu da bizə inkişaf etmiş ölkələrin mediası ilə yarışmağa imkan verir. Televiziyalarımızın hamısını bir çox ölkələrdə müxbir postu var, böyük mətbu orqanlarımızın, sayt və agentliklərimizin də bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Dünyanın qaynar nöqtələrindən reportaj verən yaxşı jurnalistlərimiz var.  Amma problemlərimiz də yox deyil. İstinad mədəniyyəti bir az zəifdir, oğurluq materiallar bir saytdan digərinə yayılır, mənbə yazılmır və dolayısı ilə əməyə hörmət edilmir.

Elçin Bayramlı:

– Fərqlər var, amma bu çox və tam fərqli deyil. Texnologiyanın inkişafı ilə, vəziyyət dəyişib. Mətbuatımız getdikcə kiçilir, məhdud oxucu kütləsi minlərlə sayt, qəzet arasında bölünür. Nəticədə, media orqanlarının satış, reklam bazarı zəifləyir, onlar çoxsaylı və peşəkar işçilər saxlaya bilmir, onun Bakıdan kənara çıxmaq imkanları olmur, misal üçün başqa şəhərlərə, başqa ölkələrə müxbir göndərə bilmir, müxbir postu saxlaya bilmir. Bir neçə tv və agentliyi çıxmaq şərtilə. KİV ucuz işçi qüvvəsi saxlamağa çalışır ki, bu da keyfiyyətə təsir göstərir. Peşəkar jurnalistlər minimum maaşa işləmirlər, praktikantları, jurnalistikadan anlayışı olmayan adamları 150-200 manata işlətməklə isə mətbuat yaratmaq mümkün deyil.

Yaxşı olardı ki, qəzet, agentlik, xəbər saytları birləşsin, bir neçə iri mətbu vasitə yaransın. Yəni, 100 xırda qəzetdən 1 böyük qəzet yaxşıdı. 100 xırda saytdan 1 iri sayt yaxşıdı. Hansı ki, hər redaksiyada bir neçə nəfər yox, bir neçə yüz nəfər seçmə peşəkar işləsin, bu halda bu qəzet və ya saytın keyfiyyəti, tirajı, nüfuzu artacaq. Təmərküzləşmə getməlidir. Yoxsa xırda -xırda qəzet və saytlarla bir şey olası deyil.

Dediyim hallar peşəkar mətbuata malik ölkələrdə yoxdur, misal üçün Avropada, Rusiyada, Amerikada çox böyük nüfuzlu media orqanları var. Yüz minlərlə, milyonlarla tirajı, oxucusu olan qəzetlər, agentliklər var. Onlar ölkənin və dünyanın hər yerində xüsusi müxbir saxlayır və qaynar xəbərlər verirlər. Ona görə də oxucularının sayı çoxdur.

Əhali sayına nisbətdə bizdə də ən azı qəzetlərin tirajı, iri xəbər saytlarının oxucu sayı 100 mini keçməlidir. Sovet vaxtında bəzi qəzetlərin tirajı yarım milyonu, bəzi jurnalların tirajı 100, 200 mini keçirdi. Ona görə ki, bu qədər KİV yox idi. Bu sahədə təməküzləşmə getməlidir.




 

İlahə