125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, KOBSKA sədri Nigar Ələsgərova ilə müsahibəni təqdim edirik:
– Nigar xanım, növbədənkənar parlament seçkilərində nüfuzlu biznes təşkilatlarının bir sıra nümayəndəsi də namizəd olaraq iştirak edir. Gənc iş xanımı olaraq sizin də namizəd olaraq seçkidə iştirakınız böyük maraqla qaşılanıb. Namizdəliyinizi niyə məhz bu seçkilərdə irəli sürdünüz?
– Hələ 6 il öncə, 2018-ci ildə prezident seçkilərindən sonra inaqurasiya mərasimində çıxışı zamanı cənab Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan geniş və çoxvektorlu islahatlar dövrünə qədəm qoyur. Ötən dövr ərzində Azərbaycanda inqilabi sayılacaq islahatlar həyata keçirildi. İcraedici, qanunverici, məhkəmə və bütün hakimiyyət qolları yeniləndi. Dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu islahatların əsas qayəsi də gəncliyimizin yüksək idarəçiliyə gətirilməsi, idarəçilik fəlsəfəsinin yenilənməsi ilə bağlı idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı 30 illik tarixi həsrətimizə son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Təbii ki, əldə olunan tarixi Zəfər Azərbaycanın dünya miqyasında rolunu da artırdı. Gərginləşən beynəlxalq münasibətlər sistemində Azərbaycan daha da inkişaf etdi. Diplomatik oyunçular Azərbaycanla normal, sivil münasibət formalaşdırdılar. Heç şübhəsiz ki, tarixi Zəfərin əldə olunmasında həyata keçirilən müstəqil, balanslaşdırılmış və xarici siyasət kursunun mühüm rolu oldu. Həyata keçirilən bu islahatlar, gənclərə yaradılan şərait, xalqını, millətini, dövlətini sevən gənclər üçün stimul oldu. Bir müddət mən özüm də ictimai birlik sədri olmuşam. Sonradan biznes-ledilərlə ölkəmizin aparıcı assosiativ ticari birliklərindən birini formalaşdırmışam, hazırda ona rəhbərlik edirəm. Həyata keçirilən islahatlardan sonra mənim də arzum bu islahatların tərkib hissəsi olmaq idi. Növbədənkənar parlament seçkiləri elan olunanda, qərara gəldim ki, bu seçkilərdə iştirak edim. Mən özüm də əslən Qubadlıdanam. Bu gün Qubadlı işğaldan azad edilib. Tarixi həsrətimizə son qoyulub. Mənim arzum budur ki, 125 saylı dairənin seçicilərinin mənafeyini Azərbaycan parlamentində ləyaqətlə müdafiə edim. Seçkilərdə iştirak etmək qərarı Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxvektorlu islahatlar prosesinin iştirakçısına çevrilmək arzumdan qaynaqlanır ki, bu da növbədənkənar parlament seçkilərində belə bir qərar verməyimə səbəb oldu.
– Rəhbəri olduğunuz Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) yüzlərlə iş adamını öz ətrafında birləşdirir. VI çağırış Azərbaycan Parlamentinin səlahiyyəti başa çatdığı müddətdə sahibkarlıq sektoru üçün inqilabi qərar sayılacaq hadisə baş verdi. Rəqabət Məcəlləsinin qəbulu nəzərdə tuturam. Deputat seçiləcəyiniz təqdirdə ölkə iqtisadiyyatının inkişafı üçün hansı addımları atmaq niyyətindəsiniz?
– Azərbaycanda həyata keçirilən çoxvektorlu islahatları qeyd etdim. Bu islahatlar nəticəsində Azərbaycanda dövlət və vətəndaş münasibətləri yeni mərhələyə qədəm qoyub, iqtisadiyyatımız inkişaf edib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən biznes subyektlərinin müxtəlif platformalarda cəmlənməsi siyasəti həyata keçirildi. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Kiçik və Orta Biznesinin İnkişafı Agentliyi (KOBİA) yaradıldı. Bu agentlik ölkədə sahibkarlar arasında faydalı və qarşılıqlı münasibətlərin inkişafına, təmasların artırılmasına çox mühüm töhvələr verib. Mən də uzun müddət “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri olmuşam, gənclər sektorunda fəaliyyət göstərmişəm. 2009-cu ildən də bisnes fəaliyyətim var. Həm ictimai-siyasi, həm də biznes təcrübəmin olmasından dolayı, qərara gəldim ki, bizneslərin şəbəkələşməsi prosesində iştirak edim. Tale elə gətirdi ki, Kiçik Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) rəhbəri oldum. Təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, KOBSKA ölkədə aparıcı asosiativ, ticari birliklərdən biridir. Bu günə qədər çox sayda layihələrimiz, uğurlu və mütərəqqi addımlarımız olub. Mətbuatda bu barədə dəfələrlə danışmışam. Amma təbii ki, ölkəmizin iqtisadiyyatının inkişafı, iş adamları arasında həmrəyliyə nail olmaq, sinerji qurmaq bizim əsas hədəflərimizdən biridir. Bu, şübhəsiz ki, deputat seçiləcəyim təqdirdə də belə olacaq. Çünki bunun alternativi yoxdur. Şaxələnmiş Azərbaycan iqtisadiyyatı biznes subyektlərinin inkişafından keçir. Sevindirici haldır ki, bu, baş verir. Yeni iş yerlərinin açılması iqtisadiyyatımızın güclənməsi deməkdir. Təbii ki, millət vəkili seçilərəmsə, ölkəmizin iqtisadiyyatının inkişafı mənim üçün əsas prioritetlərdən biri olacaq. Çünki kiçik və orta biznes subyektlərinin inkişafı mənim üçün əsas fəaliyyət istiqamətlərindən biridir. Buna kimsənin şübhəsi olmasın. Mənim platformamda da həyata keçirilən iqtisadi islahatlarla bağlı məqamlar var. İnanıram ki, Azərbaycan dövləti güclənən, qüdrətli, şaxələnmiş iqtisadiyyat daim dinamik inkişafda olacaq. Biz də bu prosesdə öz töhvəmizi verəcəyik.
30 illik tarixi həsrətdən sonra azad olunan torpaqlarımızdan namizədliyinizi irəli sürmüsünüz. Bu barədə danışaq.
– Mənim özüm əslən Qubadlıdanam. Təəssüf ki, bizim körpəliyimiz, uşaqlığımız, yeniyetməliyimiz Qarabağ həsrəti ilə keçdi. Bunun ağrı və acısını hər zaman yaşamışıq. Dəfələrlə cənab Prezident bildirəndə ki, “Lazım gələrsə, biz müharibə variantına əl atacağıq və torpaqlarımızı azad edəcəyik”, bilirdik ki, bu sıradan bəyanat deyil. Bu Böyük Zəfərə gedən yolun başlanğıcı idi. Azərbaycan praqmatik bir siyasət yürüdürdü. Çünki torpaqları işğaldan azad etmək ölkə iqtisadiyyatını gücləndirməkdən, hərbi qüvvəmizi artırmaqdan, diplomatik münasibətlər sistemində yerimizi müəyyən etməkdən keçirdi. Biz buna nail olurduq. Azərbaycan iqtisadiyyatı güclənirdi, ordumuz qüdrətlənirdi, geosiyasi məkanda nüfuz qazanırdıq və zaman-zaman bu proses bizi gətirib regionun lider dövlətinə çevirdi. Elə bir məqam gəldi ki, Azərbaycanın rolu və iştirakı olmadan regionda heç bir iqtisadi layihə uğur qazana bilmədi. Qarşıda Ermənistan nə ilə məşğul idi? “Böyük Ermənistan”, “Dənizdən-dənizə Ermənistan” kimi utopik bəyanatlarla çıxış edir, səfalət altında olan ölkə iqtisadiyyatını siyasi intriqalar, işğalçılıq təzahürləri ilə daha da dalana sürükləyirdilər. Nəhayət o an yetişdi. Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz 30 illik tarixi həsrətimizə son qoyduq. Post-işğal dövründə cənab Prezident İlham Əliyev bəyan etdi ki, Qarabağı yenidən dirçəldəcək. Hansı ki, ermənilər orada daşı daş üstündə qoymamışdılar. Ekoloji, mina terroruna məruz qoymuşdular. Şəhərlərdə sanki cəhənnəm obrazı yaratmağa çalışmışdılar. Möhtərəm Prezident dedi ki, biz buraları cənnətə çevirəcəyik. Bu gün Qarabağ yenidən qurulur, yenidən dirçəlir. Ölkəmiz bu sahəyə xüsusi diqqət yetirir. Mən qürur duyuram ki, xəyal etdiyim Qubadlıda bu gün namizədliyimi irəli sürmüşəm.
Nigar Ələsgərova, gənc xanım, biznes-ledi, ictimaiyyətçi… Seçicilərinizə nə demək istərdiniz?
– Seçicilərimə demək istəyirəm ki, səs verərkən, vicdanınızın səsinə qulaq asın. Cənab Prezident ölkəmizə böyük investisiya cəlb edib. Bu investisiya torpaqlarımızın işğaldan azadlığıdır, iqtisadiyyatımızın inkişafıdır, ordumuzun güclənməsidir, beynəlxalq münasibətlər sistemində Azərbaycanın qüdrətlənməsidir. Buna xələl gətirməyə heç kəsin mənəvi haqqı yoxdur. İnanırıq ki, parlament seçkiləri tam demokratik şəraitdə keçiriləcək. Möhtərəm Prezidentin siyasi iradəsilə demokratik şəraitdə formalaşmış parlamentin millət vəkilləri də xalqımıza ləyaqətlə xidmət edəcək. Seçicilərimə müraciət edirəm ki, gəncliyə səs versinlər, yenilik zamanıdır, yeniliyə səs versinlər. Mən onların etimadını doğruldacağıma əminəm. Həm ictimai siyasi fəaliyyətim, topladığım təcrübə, bilik və bacarığım, mövcud beynəlxalq əlaqələrim buna imkan verir. Onlar üçün əlçatan millət vəkili olacağıma əmin olsunlar. Doğma Qubadlı və əziz Zəngilan seçicilərimin səsini Milli Məclis tribunalarından duyurmaq, onların səsi və millət vəkili olmaq, mənim üçün böyük şərəf və məsuliyyət olacaq.