“Vətənə medalla qayıtdığım üçün sevincliyəm. Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Güləşçilərin ümumi çıxışını dəyərləndirən idmançı açılışı yaxşı etmədiklərini vurğulayıb:
“Bu da komanda yoldaşlarıma mənfi təsir etdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stress olmadı”.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.