Yazıçı Həmid Herisçi Teleqraf.com-a verdiyi müsahibədə mərhum yazıçı Rafiq Tağı haqda çox ağır sözlər işlədərək hətta “fitvaya getdiyinə görə də axırı çox pis oldu” deyərək, ölümünə haqq qazandırıb.
Yazıçı Həmid Herisçi Teleqraf.com-a verdiyi müsahibədə mərhum yazıçı Rafiq Tağı haqda çox ağır sözlər işlədərək hətta “fitvaya getdiyinə görə də axırı çox pis oldu” deyərək, ölümünə haqq qazandırıb.
TİA.AZ axar.az-a istinadən Herisçinin fikirlərinin yaratdığı reaksiyaları təqdim edir:
Şair Murad Köhnəqala:
Onun müsahibəsindən hiss elədim ki, adam ruhi xəstədir. Deyir, Anarın povestindəki personaj mənəm, müəllif orda mənim prototipimi yaradıb. Bu xəstəlik izləmə maniyası adlanır. Onun səhhətini nəzərə alaraq, sərt bir söz deyə bilmirəm. Həmid pirlərə inanan adamdı, fikrimcə, gedib pirləri bir “kruq” da fırlanmalıdı…
Yazıçı Pərviz Cəbrayıl:
Heç kimin haqqında acı söz işlətməyi xoşlamıram. Heç lazım da deyil, çünki “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Hər kəs, əslində, özü haqda danışır… Hətta vaxtilə Rafiqin bir doktor kimi onun haqqında mənə dediyi sözləri də oxuculara demək istəmirəm. Görünən kəndə nə bələdçi…
Yazıçı Hədiyyə Şəfaqət:
Müsahibənin məzmununu bilmirəm. Lakin mənim mərhum Rafiq Tağı haqqında dəyişməyəcək düşüncəm var. Dəyərli adam idi, heyf ki, onu itirdik. Həmid bəy yəqin ki, şəxsi narazılıqlarından yola çıxaraq bu fikri səsləndirib. Təəssüf edirəm…
Jurnalist İlham Tumas:
Mən Həmid bəydən fərqli olaraq Rafiq Tağını nəinki Azərbaycanın, dünyanın ən yaxşı, təmənnasız, saf insanlarından bir kimi tanımışam. Həmid Herisçi xeyli dərəcədə ifrata varıb. Heyf, Həmid bəyin belə sözlər söyləməsini dostumuzun özünə də layiq bilmədim. Rafiq Tağı xəstələrinə dərmanından tutmuş meyvəsinə qədər alıb aparan təmənnasız bir həkim, yaxşı yazıçı, azad fikirli bir insan idi… Araya peyğəmbər məsələsini qatmağı da Həmid Herisçiyə heç yaraşdırmadım… Xain olmayanın, haqq dünyasında olduğundan cavab verə bilməyənin dalınca danışmağın özü elə Həmid bəyin haqqında danışdığı peyğəmbərin dininə yaddır. Rafiq Tağı kimi adama xain demək, məncə xainlikdir…
Şair Kəramət Kəramət:
Rafiq Tağı aid olmadığı yerdəydi – həm şəxsiyyətcə, həm də yaradıcılığıyla. Həmid və ətrafı on il AYB-ni, onun sədrini, hətta üzvlərini aşağılamaqla guya ədəbi gündəmi zəbt etdilər, indi onun tərsi uğrunda biri-birini təhqir edirlər. Onda da yazmışdım ki, təhqirçilərlə yaltaqlar eyni ananın bic övladlarıdır. Əslində, Rafiq Tağını ölümün qabağına itələyənlər belə bir mikroatmosferi yaratmışdılar. Onun Rafiq Tağı yaradıcılığı və şəxsiyyəti haqqında danışmağa nə insani, nə də mənəvi hüququ var.
Yazıçı Mirmehdi Ağaoğlu:
Həmid Herisçi Rafiq Tağını məndən yaxşı tanıyırdı, necə insan olduğunu bilirdi. Rafiq Tağının necə bir adam olduğunu onu tanımayanlar belə bilir. Vəfat etmiş bir adam haqqında, xüsusilə, Rafiq Tağı haqqında bu cür danışmaq ayıbdır. Bu günlərdə – Rafiq Tağının vəfatının ildönümü zamanı – onun haqqında bu cür danışmaq qəbuledilməzdir. Rafiq Tağı Azərbaycan ədəbiyyatının simasıdır, ona qarşı cinayət Azərbaycan ədəbiyyatına qarşı cinayət idi, onun faciəsi ədəbiyyatımızın faciəsidir, elə Həmidin də faciəsidir. Rafiq Tağı yaramız hələ qaysaqlamayıb, Həmid bəy isə onun haqqında bu cür nalayiq fikirlər səsləndirir. Doğrusu, ona bunu yaraşdırmadım, lap mərhum Rafiq Tağı Həmid Herisçini nə vaxtsa incitmiş olsa belə, Həmid bağışlamağı bacarmalıydı. Başqa vaxt İsa peyğəmbərdən danışır, bağışlamaq məsələsi gələndə isə özünü Beriya kimi aparır.
Şair Cəlil Cavanşir:
Həmid Herisçi reallıq hissini itirmiş avantüristdir. Onun din adına verdiyi açıqlamaların dinə, ədəbiyyat adına verdiyi açıqlamaların ədəbiyyata dəxli yoxdur. Zamanında yazdığı şeirlərə, yazılara sözüm yox. Artıq illərdi ki, Həmid ağa qeyri-ciddi obrazı ilə özünü reklam etməyə, gündəmdə qalmağa çalışır. Rafiq Tağı dünyasını dəyişsə də, ölməyib. Həmid isə hər gün “ölür” və təəssüf ki, artıq iylənməyindən xəbəri yoxdur.
Şair Hadi Qaraçay:
Həmid Herisçi molla qırığının özüdür. Deyin niyə? Mən də sizə Azərbaycan Respublikasında Rafiq Tağıya qarşı iranlı mollanın ölüm fitvasındakı ittihamı təkrarlayaraq, onu mürtəd adlandıran bircə yaratıq var, o da Həmid Herisçidir, deyim!
Xatırladaq ki, Həmid Herisçi öz müsahibəsində mərhum yazıçı haqda bu sözləri işlədib: “Xainləri sevmirəm, heç vaxt bağışlamıram. Peyğəmbərə dönük çıxan şəxs dostlarına da xain çıxdı. Mən onu xain kimi tanıyıram. Xainin ölüsü-dirisi olmur, mənim üçün xaindir”.