Bir uşağın atası və ya anası ilə evdənkənar hər hansı sosial bir fəaliyyətdə olması uşaq üçün olduqca vacib bir məsələdir. Başqa sözlə, uşağın atası və ya anası ilə hər hansı bir yerə getməsi uşaq üçün “Atam-anam mənə vaxt ayırır”, ya da “Atam-anam məni qiymətləndirir” deməkdir. Digər tərəfdən, uşaqla birlikdə gedəcəyiniz yeri (və ya yerləri) seçmək də çox vacibdir. Üstəlik, elə bir yer seçməlisiniz ki, burada həm valideyn, həm də uşaq yaxşı vaxt keçirməli, ya da ən azı darıxmamalıdır.
Digər tərəfdən, uşağın yaxşı vaxt keçirdiyi bir yerdə valideynin darıxması uşağın doyma nöqtəsinə çatmasının qarşısını alır. Bununla yanaşı, üstünlük verəcəyiniz yerlər uşağın enerjisini boşaldacağı yerlər olmaqla yanaşı, həm fərdi inkişafına kömək edəcək, həm də uşağa faydalı vərdişlər qazandıracaq yerlər ola bilər.
Bu baxımdan kitab mağazası saydığımız yerlər arasında ilk yerlərdən birini tutur. Çünki kitab oxumaq vərdişini uşağa təkcə “Kitab oxumaq vacibdir” sözü ilə qazandırmaq olmaz. Hətta bəzən bunun üçün uşağın yanında kitab oxumaq da kifayət etməz.
Bəs ata və ya ana ilə kitab mağazasına getməyin uşaq üçün başqa hansı faydaları var?
1. İlk növbədə, valideynləri ilə kitab mağazasına getmək uşaqla valideynləri arasında ünsiyyəti möhkəmləndirir.
2. Digər tərəfdən, kitabı müəyyən bir zəhmət bahasına əldə etdiyi üçün uşağın oxumağa həvəsi daha da artır.
3. Həmçinin, birdən çox kitabı eyni vaxtda görmək uşağın kitabın əhəmiyyətini daha yaxşı dərk etməsinə səbəb olur.
4. Valideynini kitab seçərkən görmək uşağın bu davranışı özü üçün modelə çevirməsinə gətirib çıxarır.
5. Evə gedərkən kitabları bir yerdə oxumaq uşaqda kitab oxumaq vərdişinin daha da möhkəmlənməsinə imkan verir.
Burada başqa bir məsələ isə ilk vaxtlar kitab seçərkən uşağa sərbəstlik verməkdir. Belə ki, bu məsələdə valideyn uşağı istiqamətləndirməli, ancaq heç vaxt təkidedici bir davranış nümayiş etdirməməlidir. Digər tərəfdən, əgər uşaq kitab mağazasına gülərək girib ağlayaraq çıxarsa, növbəti dəfə kitab mağazasına getmək onun üçün cəlbedici olmaya bilər.
Digər tərəfdən, bu işi müəyyən mərhələlərlə təkrar etmək də uşaqda kitab oxumaq vərdişinin möhkəmlənməsinə səbəb ola bilər. Belə ki, kitab mağazasından aldığınız kitabları bir yerdə oxuyub qurtara və sonra yenidən bir yerdə kitab mağazasına gedə bilərsiniz.
Aygün Vəliyeva