Ürək sağlamlığını qorumaq sağlam həyat sürmək üçün mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislər gündəlik həyatdakı kiçik səhvlərin belə ürək sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
Ürək cərrahiyyəsi üzrə mütəxəssis Dr. Jeremy London bildirir ki, səhərlər ağız təmizliyi üçün istifadə edilən spirt əsaslı qarqara məhsulu damarların genişlənməsinə kömək edən sağlam bakteriyaları öldürərək ürək sağlamlığına zərər yetirə bilər. Araşdırmalar bu cür qarqaraların qan təzyiqini artıraraq hipertoniya riskini yüksəltdiyini göstərir. Mütəxəssislər ağız sağlamlığını qorumaq üçün daha təbii məhsullardan istifadəni tövsiyə edirlər.
Dr. London siqaretin ürək sağlamlığına ən böyük təhdidlərdən biri olduğunu bildirərək, elektron siqaretlərin də ənənəvi siqaret qədər zərərli olduğunu vurğulayıb. O, nikotinin damarları zədələdiyini və qanın laxtalanma riskini artıraraq ürək tutması və insult kimi ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib.
Həmçinin, həddən artıq işlənmiş qidaların ürək xəstəlikləri, şəkərli diabet və piylənmə ilə birbaşa əlaqəli olduğunu bildirən Dr. London bu qidaların damarların daralmasına səbəb olduğunu bildirib. Spirtli içkilərin çox istifadəsinin isə orqanizmdə zərərli maddələrin yığılmasına səbəb olduğunu və xərçəng riskini artırdığını deyib.
Mütəxəssislər oturaq həyat tərzinin piylənmə, yüksək qan təzyiqi və yüksək xolesterin kimi ürək xəstəliklərini artırdığını qeyd edir. Dr. London müntəzəm fiziki fəaliyyətin ürək sağlamlığını qorumaq üçün vacib olduğunu vurğulayıb.
Uzunmüddətli stress də damarların daralmasına və qan təzyiqinin artmasına səbəb olur. Eyni zamanda, stressin zərərli vərdişlərə meyilləndirdiyi və bu səbəbdən sağlamlığa mənfi təsirlərinin daha da artdığı bildirilir.
Dr. London ürək sağlamlığını qorumaq üçün siqaret və alkoqollu içkilərdən uzaq durmağı, sağlam qidalanma rejimi tətbiq etməyi, müntəzəm idmanla məşğul olmağı və stresslə mübarizə üsullarını inkişaf etdirməyi tövsiyə edir. Bu sadə tədbirlər ürək tutmasının qarşısını alaraq həyat keyfiyyətini yüksəldə bilər.