Hamburq Regional Həvəskarlar Liqasında inanılmaz nəticə qeydə alınıb.
Tribunainfo.az “Bild” nəşrinə istinadən xəbər verir ki, liqanın 9-cu turu çərçivəsində keçirilən oyunda “Mesopotamyen 2” komandası “Marburq” üzərində 66–0 hesablı qələbə qazanıb.
Qarşılaşma futbol ictimaiyyətində və sosial şəbəkələrdə böyük rezonans doğurub. “Marburq” matça cəmi 7 futbolçu ilə çıxıb. Onların arasında bir qadın oyunçu da olub.
Məlumata görə, oyunun hakimi qarşılaşmanı dayandırmağı təklif etsə də, “Marburq”un futbolçuları matçı sona qədər oynamaq qərarına gəliblər.
Qarşılaşmada “Mesopotamyen 2” komandasının bir neçə futbolçusu fərqlənib. Qolların çoxu Ömər Yıldırımın (17 qol), Radoan Troudinin (10 qol), Luka Milanın (7 qol) və İbrahim Çabanın (9 qol) payına düşüb. Digər futbolçular da hesabın formalaşmasında iştirak ediblər.
Bu nəticə Almaniyada həvəskar futbol tarixinin ən fərqli hesablarından biri kimi qeydə alınıb. Liqa rəhbərliyinin qarşılaşma ilə bağlı araşdırma aparacağı, nəticənin rəsmi təsdiqi və ya mümkün intizam tədbirlərinə dair qərarın veriləcəyi gözlənilir.
Nihat Kərimli