İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı müzakirə mövzularından birinin İsrail-Fələstin münaqişəsi olacağı ilə bağlı məlumatlar səfər öncəsi yayılmağa başladı.
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı müzakirə mövzularından birinin İsrail-Fələstin münaqişəsi olacağı ilə bağlı məlumatlar səfər öncəsi yayılmağa başladı.
Azərbaycanın hər iki tərəflə normal münasibətlər saxlayaraq, həmçinin, islam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edə biləcəyi də bildirilirdi.
Diplomatik mənbələrdən mediaya məlum olub ki, danışıqlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, habelə BMT sənədlərinə əsaslanaraq, Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.
Azərbaycanın Fələstin probleminin nizama salınması ilə bağlı vasitəçilik missiyası nəticə verə bilərmi?
Yəhudi əsilli ictimai fəal, sülhməramlı səfir Aleksander Şapiro-Suliman qəzetimizə açıqlamasında bildirdi ki, İsrail dünyada məxsusi dəst-xətti olan, antiterror əməliyyatları aparan dövlətdir:
“Azərbaycanda da xeyli İsrail vətəndaşı yaşayır. Ölkələrimiz arasında çox normal dostluq münasibətləri mövcuddur. Dağlıq Qarabağ münaqişəsinin həllində İsrail öz rolunu bildirir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq müqavilələrinin mövcudluğu Ermənistanı ciddi narahat edən məsələlərdən biridir. Bununla yanaşı, Xocalı hadisəsi və digər hadisələrlə bağlı İsrail daim Azərbaycanı dəstəkləyən ölkə olub. Baxmayaraq ki, bir sıra qonşu dövlətlər Azərbaycan-İsrail münasibətlərinin inkişafının əleyhinə olsalar da, rəsmi Bakı bu istiqamətlə balanslı siyasət yürüdür. Hesab edirəm ki, Azərbaycanın Fələstin probleminin həlli istiqamətində vasitəçilik missiyası uğurlu alına bilər. Çünki Azərbaycan müsəlman ölkəsi olmaqla yanaşı, həm də İsraillə strateji tərəfdaş sayılan ölkələrdəndir. Hər iki tərəfin inandığı ölkənin vasitəçiliyi ciddi nəticə verə bilər. Biz bunu Azərbaycanın timsalında Rusiya-Türkiyə münasibətlərinin nizama salınmasında görmüşük”.