21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi kimi qeyd olunur.
21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi kimi qeyd olunur.
Müsahibimiz AMEA –nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədovdur.
– Beynəlxalq Ana Dili Günü Azərbaycanda son illər qeyd edilməyə başlayıb. Ümumiyyətlə, bu bayramı qeyd etmək nə qədər əhəmiyyətlidir?
– 17 ildir ki, 21 Fevral bütün dünyada, o cümlədən ölkəmizdə Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu tarixi və mədəni hadisə Benqal dilinin timsalında dünyada mövcud olan dilləri qloballaşma şəraitində və siyasi zəmində məhv olmaq təhlükəsindən xilas etmək məqsədi daşıyır. Bu mənada hər bir millət, etnik qrup öz dili ilə qürur duymaq haqqına, öz dilini qorumaq və inkişaf etdirmək hüququna sahibdir.Ana dili hər bir xalqın varlığının təzahürü, onun milli sərvətidir.Dilimizin dövlət statuslu dillər arasında olmasına görə qürur hissi keçirirəm. 200-ə yaxın dövlət və 70 dövlət statuslu dil arasında dilimizin varlığı son dərəcə qürurvericidir.Dil – millətimizi sevən, dövlətçiliyimizə sadiq olan, milli-mənəvi dəyərlərimizi uca tutanlar üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də ulu əcdadlarının ruhuna sayğı əlamətidir. Son 20 ildə müxtəlif vaxtlarda imzalanmış fərman və sərəncamlar, bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
– Siz Dilçilik İnstitutunun fəal dilçi alimlərindənsiniz. Dildə gedən prosesləri necə qiymətləndirirsiniz?
– Monitorinq şöbəsi “Dövlət Proqramı”əsasında yaradılmış ən fəal şöbədir. Bu şöbədə çalışmaq çətin və məsuliyyətli olsa da, çox şərəflidir. Ölkə başçısının 23 may 2012-ci il tarixli məlum sərəncamında dilimizlə bağlı çox vacib məsələlər öz əksini tapıb. Həmin sərəncamda qloballaşma şəraitində dil siyasəti, qarşıda duran vəzifələr və s. çox aydın şəkildə göstərilib. Bunlar bizə həm ana dilimizi qorumağa, inkişaf etdirməyə, həm də bu sahədə elmi araşdırmaların istiqamətini müəyyənləşdirməyə əsas verir. Biz “Dövlət Proqramı”nda nəzərdə tutulmuş müvafiq öhdəlikləri mərhələli şəkildə yerinə yetiririk. “Qaynar xətt”ə daxil olan sualları cavablandırırıq. Şöbəmizə Sevinc Əliyeva rəhbərlik edir. Son bir ayda üç böyük “dəyirmi masa” keçirmişik. “Saytların dil mənzərəsi”, “Ölkədə dil situasiyası: Nərimanov rayonu” və “Regionlarda dil situasiyası: İsmayıllı”.Gördüyümüz işlər şübhəsiz ki, öz bəhrəsini verir. Apardığımız monitorinqlərin nəticəsi kimi deyə bilərəm ki, televiziyaların xəbər proqramlarının dilində ədəbi dil normalarının pozulması halları əhəmiyyətli dərəcədə azalıb. Biz bu müsbət nəticəni ciddi saytların dilində də müşahidə edirik. Küçə adlarında olan dil qüsurları mərkəzdən bölgələrə doğru mərhələli şəkildə aradan qaldırılır. Etiraf edim ki, dilimizlə bağlı bəzi problemlər hələ də var. Bu problemlərin əsas hissəsi qloballaşmanın təsiri ilə bağlıdır və bunlar tədricən öz həllini tapır.
– Ölkəmizdə ana dilində danışa bilməyən məmurlar, ictimai xadimlər var. Belə insanlara münasibətiniz?
– Rəhbərin dilə münasibəti ana dilini necə bilməsindən çox asılıdır. Ana dilinin mükəmməl bilən insanlar, xüsusən siyasi liderlər çox cəsarətli olurlar. Onlara bu cəsarəti verən ana dilidir, milli təəssübkeşlik hissidir, ana dilində düşünmək heysiyyətidir. Məmurun ana dilini yaxşı bilməməsi, bu dildə fikrini dürüst çatdıra bilməməsi vətənçilik və millətçilik duyğusunun olmaması anlamına gəlməz. Məmur var ki, bu dildə yaxşı danışa bilmir, ancaq Ana dilimizi mükəmməl bilmədiyi üçün əzab çəkir, gecə-gündüz öz üzərində çalışır ki, bu dili öyrənsin. Məmur da var ki, Ana dilini yaxşı bilir, amma rusdilli o məmurdan daha vətənpərvərdir. Ana dili ilə bağlı belə bir fikri xatırlatmaq istərdim:“O adamlar ki, dövlət dilinə hörmət edir, o zaman onlar üçün Təbriz, Kərkik, Borçalı, Dərbənd, İrəvan da vətəndir, ancaq dövlətləri deyil. O insanlar ki, dövlət dilinə hörmət etmir, hətta Azərbaycanda yaşayırlar, Azərbaycan onlar üçün dövlət ola bilər, amma vətəni deyil. Çünki vətən anlayışı çox ciddi şəkildə dil, milli birliklə bağlı olan məsələlərdir. Dilimiz milli birliyə, kimliyə və ruhumuza bir açardır”. Fakt odur ki, Ana dilini mükəmməl bilməyən məmur, rəhbər heç vaxt mənsub olduğu xalqın rəğbətini qazana bilməz. Bəzi dilçi alimlərimiz bunu dil mühiti ilə əlaqələndirirlər. Mən bu fikirlə razı deyiləm. Ümummilli liderin həyat və fəaliyyəti birbaşa rus dili mühiti ilə bağlı olub, amma Ana dilimizin gözəl bilicisi, mahir natiq kimi yaddaşlarda silinməz iz qoyub.
– Ortaq ünsiyyət dili məsələsinə münasibətiniz necədir?
– Bu, sadəcə qardaşlıq duyğusunu ifadə edən bir ideyadır. Dövlətin öz qanunları olduğu kimi dilin də öz qayda-qanunları var. Rus dili Azərbaycanda rəsmi dövlət dili olmasa da faktiki olaraq ikinci “hakim” dildir. Elə sahələr vardır ki, bu gün də ədəbiyyat rus dilindədir.Ölkəmizdə 16 rus məktəbi fəaliyyət göstərir. Azərbaycanın ali təhsil müəssisələrində 17 minə yaxın tələbə rus dilində təhsil alır. Azərbaycanda rus dilini mükəmməl öyrənmək üçün geniş imkanlar yaradılıb. Bunun siyasi əhəmiyyəti var.Belə bir şəraitdə hansı ortaq ünsiyyət dilindən danışmaq olar? Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfransda Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəlinin çıxışı bizləri və Türk dövlətlərindən gələn bütün alimlərimizi heyran etdi. Məncə, ortaq ünsiyyət dili Darxan Kıdırəlinin danışdığı arınmış Azərbaycan dilidir.
– Ana dili və Ana dil nə deməkdir? Bu ifadələrin fərqi nədədir?
– Ana dili insanın dünyaya gəldiyi vaxtdan etibarən eşitdiyi, öyrəndiyi dildir. Ana dili insanın sosial varlığını oluşdurur, formalaşdırır. Hər ananın danışdığı dil Ana dili anlamına gəlməz. Ana dili insanın mənsub olduğu topluluğun, cəmiyyətin dilidir, yəni, bir fərdin dili deyildir. Bu anlamda Ana dili və ana dil anlayışları fərqlidir. Ana dil bir və ya birdən çox dilin qaynaqlandığı dildir. Məsələn, çağdaş türk dillərinin hamısı bir ana dilin yadigarıdır. Ana dil anlayışı prototürk dilinin özüdür, varisi bugünkü Azərbaycan dildir. Əslində dilimizin adının tarixən türk dili adlanmasının səbəbi bu incəliklə bağlıdır.
– Prof. Möhsün Nağısoylu müsahibələrinin birində demişdi ki, kimsə çimərlik əvəzinə “plyaj”, tıxac əvəzinə “probka” deyirsə, onlar pulla cərimələnməlidirlər. Bunu Yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirlərinin görülməsi ilə müqayisə etmişdi. Siz necə düşünürsünüz?
– Əlbəttə, haqlı narahatlıqdır. Ana dilimizi mükəmməl bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Dövlət dili haqqında Qanun deyir ki, dilimizə qarşı təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, dilimizin hüquqlarını məhdudlaşdırmaq, yəni, dil normalarını məqsədli şəkildə kobudcasına pozmaq qadağandır. Bu cür hallar baş verdikdə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” hüquqi, fiziki və vəzifəli şəxslər məsuliyyət daşıyır. Dillə bağlı problemlərin kökündə daha çox ana dilinə biganəlik, dil təəssübkeşliyinin olmaması durur. Dil duyğusu, dil sevgisi olmayan adamı cərimələməyin dil adına bir önəmi varmı? Məncə, biz ilk növbədə dil normaları ilə bağlı qaydaları mükəmməl şəklə salmalıyıq. Nitq faktı və nitq virusu kimi yayılmış “pljaj”, “uje”, “probka” kimi sözlərə görə cərimələrin tətbiqi problemi həll edə bilərmi?!Biz nitq faktını dil faktından fərqləndirməli, həmin rusizmlərin dil faktına çevrilməsinə imkan verməməliyik. Heç kimə sirr deyil ki, əcnəbi dillərdə və əlifbalarla olan reklam, restoran, kafe və s. obyekt adları dilimizin havasını daha çox zəhərləyir. Məncə, cərimələrin tətbiqinə buradan başlamaq lazımdır.
– Son illər özləşmə prosesindən çox danışılır. Özləşmə nədir?
– Özləşmə dildə alınma sözlərin əvəzinə milli sözlərin işlənməsidir. Çağdaş Azərbaycan dilinin lüğət tərkibində özləşmə meyilləri hələ Sovet vaxtından başlamışdir. Özləşmə dedikdə geniş mənada sözyaradıcılığı başa düşülməməlidir. Bu daha çox mövcud olan alınma sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət bir prosesdir. Bu gün özləşmə hadisəsi təəssüf ki, cəmiyyətdə birmənalı qarşılanmır. Özləşmə meylini purizmlə eyniləşdirmək olmaz. Purizm dili olduğu kimi saxlamaq, kənar müdaxiləyə qarşı çıxmaq, yeni gələn terminlərə qarşı mübarizə aparmaq cəhdidir. Xalqımızın dövlət müstəqilliyi qazanması özləşmə prosesi üçün geniş imkanlar yaradıb. Özləşmə dilin saflığına, inkişafına və zənginliyinə xidmət etməlidir. Qondarma, süni sözlərin dilə gətirilməsinə imkan vermək olmaz.
Nilufər