“Heç kim mənimlə maraqlanmır. Ölmüşəm, qalmışam bilinmir. Özəl xəstəxanada müalicəyə gücüm çatmadı, ona görə də evə çıxdım. Yanımda tibb bacısı qalır, səhərdən axşama kimi sistemlərimi vurur. Yeriyə bilmirəm, çətinliklə danışıram. Hər an vəziyyətim pisləşə bilər”.
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Bir müddət öncə insult keçirən aktrisa maddi vəziyyətinin müalicə almağa imkan vermədiyini bildirib:
“Özəl xəstəxanada müalicə aldığım müddətdə bütün xərcləri teatrımızın direktoru Əliqismət Lalayev çəkdi. Teatrın direktoru hər gün mənimlə maraqlanır. Lalə Azərtaş da çox kömək etdi. Elməddin Cəfərov da sağ olsun, oğlum kimidir.
Mənə təsir edən odur ki, nazirlik özünü elə aparır ki, elə bil mən adlı adam, aktrisa bu həyatda yoxdur. Öləndən sonra yadlarına düşəcək ki, belə bir sənətçi olub. Ehtiyacım olan zaman mənimlə maraqlanmaq istəmirlər. Ömrüm səhnələrdə keçib, bu xalqa xidmət etmişəm. Səngərlərdə əsgərlərimiz üçün çıxış etmişəm. İndi bu xidmətlərim niyə qiymətləndirilmir? Hər an ölə bilərəm. Mən bu xəstəlikləri elə sənətimə görə qazanmışam”.
Qeyd edək ki, Fatma Mahmudova yanvarın 29-da yenidən insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.