“Hepatit B-ni çox zaman “sakit ölüm” adlandırırlar
“Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşdırdığı “STOP Hepatit!”- Əhalinin saglamlıgının qorunması üçün viruslu hepatitlər əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsi layihəsi çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzində daha bir maarifləndirmə sessiyası baş tutub.
TİA.AZ xəbər verir ki,tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Fəxriyyə Abdullayeva əhalinin saglamlıgının qorunması üçün viruslu hepatitlər əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsini zəruri edən səbəblər hazırda hepatitlər ən yüksək yoluxma səviyyəsinə malik viruslardandır. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yeri tutur. Dünyada hər 12 nəfərdən biri hepatitə yoluxub. Bu viruslara yoluxan insanlarda əksər hallarda qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır.
Layihə rəhbərinin sözlərinə görə, beynəlxalq səhiyyə qurumları və ayrı-ayrı ölkələrin sağlamlıq təşkilatları hepatitlər barədə insanları məlumatlandırmaq üçün müxtəlif aksiyalar təşkil edir, layihələr reallaşdırırlar: “Viruslu hepatitlərlə yoluxma təhlükəsi qarşısında olan risk qrupu daha çox hamilə qadınlar olduğundan bizim həyata keçirdiyimiz layihənin məqsədi də məhz onların iruslu hepatitlərə yoluxma hallarının qarışısının alınmasına yardım etməkdir”.
Layihənin eksperti Samirə Vəliyeva bildirib ki, hepatitər əsasən qaraciyəri zədələyirlər. Bu xəstəliyin ən dəhşətli xüsusiyyəti odur ki, bir çox hallarda viruslar kəskin və xroniki olmaqla, insanı ölümlə üz-üzə qoyurlar. Buna görə də hepatitlərə “Səssiz qatil” də deyilir.
Ekspert qeyd edib ki, qadınlar hamiləliyi planlaşdırmazdan əvvəl mütləq hepatitlərə görə yoxlanmalıdırlar. Çünki bu xəstəliklə hamilə qalmaq həm ana, həm də uşaq üçün təhlükəlidir.
Layihənin digər eksperti Zülfiyyə Mustafayeva diqqətə çatdırıb ki, insan sağlamlığı üçün dəhşətli təhlükə yaradan hepatitlərdən qorunmaq və dünyaya sağlam uşaq gətirmək mümkündür. Bunun üçün sadəcə, vaxtında müayinə olunmaq və həkim məsləhətlərinə əməl etmək lazımdır: “Hepatit B-ni çox zaman “sakit ölüm” adlandırırlar. Çünki xroniki fəaliyyət göstərir. Ona görə də hamilə xanımların vaxtında müayinə olunması mütləqdir”.
Ekspert onu da bildirib ki, Azərbaycanda hazırda hepatitlərin müalicəsi dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir.
Daha sonra iştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.
Tədbirdə həmçinin layihə çərçivəsində çap edilən və hepatitlər barədə qısa məlumatların əks olunduğu bukletlər də təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində məlumat sessiyalarının davam etdirilməsi nəzərdə tutulur.