Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmişlidə həmkəndlisini öldürməkdə təqsirləndirilən Fərid Allahverdiyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan olunmuş ittihamla özümü qismən təqsirli bilib.
O qeyd edib ki, mərhum Vüsal Allahverdiyevi öldürmək fikri olmayıb: “Hadisə 17 yanvar 2025-ci il tarixdə baş verib. Söyüş və təhqir etdiyi üçün Vüsala bıçaq atdım. Sonra şok vəziyyətinə düşdüm. Polis əməkdaşları gəlib məni aparan zaman onlara təslim oldum”.
Verilmiş suallara cavab olaraq Fərid Allahverdiyev deyib ki, Vüsalı həmkəndlisi kimi tanıyıb: “Mənim və atamın onunla normal münasibətimiz olub. Vüsalı öldürmək məqsədim olmayıb. O, söyüş söydüyü üçün onu bıçaqla vurdum. Vüsal məni və atamı söymüşdü. Belə ki, o, atamı yeməkxanada söydü və məni isə yanında olan zaman təhqir etdi”.
Qeyd: Hadisə 17 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində İmişli rayonunun Sarıxanlı kəndində qeydə alınıb.
Belə ki, Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevi atasını təhqir etdiyini əsas gətirərək kafedə bıçaqlayıb. Vüsal Allahverdiyev xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə Fərid Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Fərid Allahverdiyev Lənkəran Dövlət Universitetinin tələbəsi olub.