“Həmin uşağı diləndirən bacısı və anasıdır”

“Həmin uşağı diləndirən bacısı və anasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Uşaq əməyinin istismarı deyəndə ilk növbədə yada dilənçilik düşür. Valideynlər uşaqlarını və ya yanındakı qohumlarının övladlarını dilənçiliyə cəlb edirlər. Onlar uşaqları daha çox özlərinin yanında diləndirirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaq əməyindən istifadə hallarından danışarkən deyib.
Sədr bildirib ki, uşaq əməyindən istifadə deyəndə göz önünə təsərrüfat, fermer sahələrində çalışanlar gəlir: “Belə faktlar çox azdır. Öz təsərrüfatlarında çalışan uşaqlar ailələrinə kömək məqsədi ilə bunu edirlər. Bu hallar uşaq əməyinin istismarı kimi qiymətləndirilmir. Qanunvercilikdə göstərilir ki, təhsildən yayındırıldığı, onun yaşına istinad olunmadığı hallarda, ümumiyyətlə, səhhətinə ziyan vuran məqamlar əməyin istismarı kimi qiymətləndirilə bilər. Amma bizdə ən çox dilənçilik faktlarıdır. Valideyn deyir ki, mən uşağımın yanındayam, bu bizim adətimizdir. Biz bunu daha çox qaraçı qruplarında görürük”.
Ekspertin fikirincə, uşaqları daha çox yaxınları diləndirir:
“İki ay boyunca bir uşağı müşahidə etdik. Məlum oldu ki, həmin uşağı diləndirən bacısı, anası və yaxınıdır. Hüquq-mühafizə orqanlarına  müraciət olunandan sonra uşaq sığınacağa  yerləşdirilib. Bu yaxınlarda mən ana ilə görüşdüm. Ana bildirir ki, “onkoloji xəstəyəm, mənim pula ehtiyacım var, bunun üçün uşağımı diləndirirəm”.
Sədr təklif edib ki, diqqəti monitorinqlərə cəlb eləmək lazımdır: “Qaraçı qrupundan olan ailələr arasında monitorinqlər aparmaq lazımdır. Aidiyyatı orqanlar bizə belə bir təklif edərsə, biz bunu canla-başla həyata keçirə bilərik”.