“Həmin müəllimin işdən çıxarılması gülüncdür”-VİDEObackend

“Həmin müəllimin işdən çıxarılması gülüncdür”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 16-da İmişlinin Aranlı kəndində məktəb açılmadığına görə şagirdlərə çöldə dərs keçən ibtidai sinif müəllimi Leyla Nəcəfquluyevanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, daha öncə də o, həmin məktəbin sanitar qovşaqla bağlı problemini ictimailəşdirib.

L.Nəcəfquluyevanın işdən azad edilməsi nə dərəcədə doğrudur? Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, vəziyyətin bura çatmasının əsas səbəbi elə təhsil sistemidir:

“Məsələ belədir ki, o, müəllimlə bağlı birinci hal deyil ki, ictimailəşir. Yadınıza gəlirsə, orda məktəbdə ayaqyolunun bərbad olması ilə bağlı məsələni işıqlandırmışdı. Kobud səslənsə də, məsəl var ki, bir ağıllıya 40 gün dəli deyirsən, sonda gəlib dəli olar. Reallıq ondan ibarətdir ki, o bir neçə ildir orada mübarizə aparır və təbii ki, orada məktəb direktoru, yaxud da ki, təhsil idarəetmə orqanlarının vaxtında doğru-düzgün addım atmaması nəticəsində nəticə bura gəlib çıxır. Bizim təhsil sistemimiz böyük bir “problem”i həll etdi və o müəlliməni işdən çıxartdı. Onun işdən azad olunması ilə böyük bir “uğur” qazanıldı. Məktəblərdə baş vermiş problemlər və adi nöqsanlar düzgün, vaxtında yanaşma olmadığı üçün böyüyüb qloballaşır, ictimailəşir, ölkə səviyyəli bir problem çıxır. Mən düşünürəm ki, o müəllim ilə yanaşı məktəbin direktoru da, o rayonun Təhsil sektoru da, Regional Təhsil İdarəsinin əməkdaşları da müəyyən cavab verməlidir ki, bir məktəbdə yaranan bir münaqişə niyə vaxtında həll edilməyib. Sonda o müəllimənin əsəbləri o dərəcədə niyə pozulsun?”.

Elşən Qafarov: Məktəbəqədər təhsil müəssisəsi 2011-ci ildən rayon icra hakimiyyətlərinə verildikdən sonra bu şəbəkə inkişaf etmədi – Mektebgushesi

Təhsil eskpertinin sözlərinə görə, bu cür problemlər ölkədə təhsilin nüfuzunun aşağı düşməsinə gətirib çıxarır.

“İstənilən anda etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilib və o bir il müəllim işləyə bilməz. Bir ildən sonra müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə gedib yenidən müəllim kimi özünü sınaya bilər. Bu kimi hallar çoxdur. Məktəblərdə ayrıseçkilik kiçik bir münaqişə vaxtında müdaxilə edilmədiyi, düzgün yanaşma olmadığı üçün də artır. Sonda da guya biz çox böyük bir problemi həll etmiş kimi özlərini qəhrəman kimi təqdim edirlər. Belə olduğu halda da təhsilin nüfuzu aşağı düşür. Yəni məktəblərdə problemləri bu qədər böyütmədən həll etmək, onları vaxtında yoluna qoymaq doğrudanmı çətindir? Onu da qeyd edim ki, videogörüntülərdə görsənir ki, orada əyləşən şagirdlər könüllü oturub, müəllimlərini müdafiə edirlər. Onlara “qalx” deyilir, ancaq onlar tərpənmir. Buna görə müəllimi işdən çıxarmaq gülüncdür. İnanıram ki, o məhkəməyə müraciət edib, hüquqlarını bərpa edəcək”, – deyə Elşən Qafarov əlavə etdi.