“HƏMAS bütün fələstinliləri təmsil etmir”: Abbas və BMT Qəzza üçün kömək istədi

“HƏMAS bütün fələstinliləri təmsil etmir”: Abbas və BMT Qəzza üçün kömək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qəzza zolağına nəzarət edən HƏMAS bütün fələstinlilərin qanuni nümayəndəsi deyil. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas Venesuela prezidenti Nikolas Maduro ilə telefonla danışarkən deyib.
Abbas həmçinin Qəzza zolağında mülki şəxslərə yardım göstərilməsini və humanitar dəhlizlərin açılmasını istəyib. O, İsrailin fələstinlilərə qarşı təcavüzkar hərəkətlərinə son qoymağa çağırıb.
ABŞ prezidenti Co Bayden də oxşar mövqe bildirib. CBS telekanalı xəbər verir ki, o, Fələstin dövlətinin mövcudluğundan və İsrailin Qəzza zolağının işğalına qarşı çıxış edib. İsrailin Qəzza zolağının işğalının “böyük səhv” olacağını deyən Bayden, HƏMAS-ın bütün Fələstin xalqını təmsil etmədiyini bildirib.
ABŞ prezidenti etiraf edib ki, Qəzza zolağının sakinləri üçün humanitar dəhlizlərin açılması ilə bağlı danışıqlar gərgin gedir.
Eyni zamanda BMT-nin baş katibi Antonio Quterreş İsrail rəhbərliyinə müraciət edib. O, ölkə rəhbərliyini Qəzza zolağına humanitar yardımların göndərilməsinə icazə verməyə çağırıb, bu barədə təşkilatın saytında dərc olunmuş rəsmi məlumatda deyilir.
Quterreş Fələstin HƏMAS hərəkatını saxladıqları israilli girovları azad etməyə çağırıb.
“BMT-nin baş katibi kimi mənim məsuliyyətim iki humanitar çağırış etməkdir. HƏMAS-a deyirəm – girovlar dərhal və qeyd-şərtsiz azad edilməlidir. İsrailə: Qəzzanın mülki əhalisinin xeyrinə humanitar yardımların və işçilərin sürətli və maneəsiz çıxışını təmin etmək”, – Quterreş bildirib.
Onun sözlərinə görə, Qəzzada su, elektrik enerjisi və digər mühüm resurslar tükənmək üzrədir. BMT-nin yardım ehtiyatları var və onlar bir neçə saat ərzində göndərilə bilər.
Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Bu gün Fələstin hərəkatı yüzlərlə raketlə İsrail ərazisinə hücum edib və bir neçə məskunlaşan ərazini ələ keçirib. İsrail Qəzza sektorunu mühasirəyə alaraq cavab əməliyyatına başlayıb. Hazırda yerüstü əməliyyatlara hazırlıq gedir.