Bu günlərdə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın mədəniyyət naziri Roselin Baçelot tərəfindən “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib. Dünyanın ən nüfuzlu mükafatına layiq görülən Şahbaz Xuduoğlu ilə danışaraq onunla həm bu uğuru bölüşdük, eləcə də qarşıda daha nə kimi yeniliklərin olacağını öyrənməyə çalışdıq:
– Adından da göründüyü kimi, Fransada ədəbiyyat və incəsənətə xidmət edən yüksək ordenlərindən biridir. Mən naşirlik dövründə Fransanın konstitusiyasından tutmuş, bir çox hüquqi kitablar, eyni zamanda da ədəbiyyatlarla bağlı çoxlu kitab nəşr etmişəm. O demək deyil ki, mükafat naminə bunu etmişəm, yox. Sadəcə, Fransa ədəbiyyatının hər zaman dünya ədəbiyyatında öz rolu, öz xətti olub. Biz hətta rus klassikasına baxsaq, böyük əksəriyyət Fransa ədəbiyyatından təsirlənib. Fransa ədəbiyyatı Avropada və dünyada həmişə öncül olub. O mənada naşir kimi həmişə istəmişəm ki, fransız ədəbiyyatı daha çox Azərbaycan dilinə nəşr olunsun. Fransada parlayan elə bir ulduz yoxdur ki, o bizim gözümüzdən yayınsın. Biz onları dərhal Azərbaycan dilində nəşr edirik. Həmişə ədəbiyyata yeni trendlərlə gəlirlər və yalnız ədəbiyyatla bağlı deyil, geopolitika, politika, iqtisadiyyatla bağlı kitablarımız da var. Yəni xeyli işləri nəşriyyat görüb. Heç zaman ağlıma gəlməzdi ki, Rey Bredberinin aldığı medal mənə də verilə bilər. Bu medallar o insanlara verilib ki, mənə görə ədəbiyyatın əlçatmaz zirvələri olublar…
– Bu uğuru iş həyatında bir kuliminasiya nöqtəsi hesab edirsiniz, yoxsa hələ qarşınıza qoyduğunuz başqa amallar da var? Bununla bərabər iç, mənəvi dünyanızda sizi narahat edən nədir?
– O qədər zirvələr var ki, onların heç birini görməmişəm. Çox görmək istərdim. Son keçirdiyimiz kitab sərgisi mənə görə Azərbaycan mədəniyyəti üçün çox faydalı idi. 44 günlük müharibədən sonra ölkəmizdə bütün sahələri yeni müstəvidə görmək ümidilə yaşayırdım. İntizara gözləyirdim ki, hər şey dəyişəcək, insanların bir-birinə münasibəti, dövlət strukturlarında xidmət edənlərin münasibəti, evində, işində, cəmiyyətdə hər kəs dəyişəcək. Əlbəttə, bu dəyişiklik baş verir, amma istədiyimiz səviyyədə deyil. Bu məni məyus eləmir, çünki zamanla düzələcək. İstərdim ki, quruculuq elə bir vüsət alsın ki, xüsusən də mədəniyyət sahəsində, incəsənətin intibah dövrü başlasın. Bu, cəmiyyətdə yaşayan insanlarımızı xoşbəxt etsin. Mənəvi durumumla bağlı onu deyə bilərəm ki, hər gün özümü yenilənməyimi istəyirəm. Səhər mütləq özümü dünənə kökləyirəm. Bu da yalnız mütaliə ilə mümkündür. İnsanı mütaliədən daha çox xoşbəxt edən ikinci bir iş yoxdur.
– Yaxınlarda sizin təşkilatçılığınızla həyata keçirilən Milli Kitab Sərgisi bir kitab bayramını xatırlatdı. Bu sanki son dövrlər insanları kitab oxumağa, mütaliəyə səsləyən çağırış idi. Bu cür sərgilər davam etdiriləcəkmi?
– “Kitab və kitabdan yarananlar”, “Kitab və kitaba bənzərlər” arzuladığım konseptdir. Biz bunu davam etmək istəyirik. Təşkilatlanmaq üçün də bir sənədləri toplayırıq ki, milli kitab sərgisini təşkilat olaraq qeydiyyatdan keçirək ki, daima fəaliyyət göstərsin. Hətta istərdik ki, kəndlərimizə gedib, sərgi keçirək, bir tərəfdə musiqi səslənsin. Kitab bir bayramdır, səpələnsin bütün Azərbaycana.
– Müsahiblərinizin birində demişdiniz ki, regionlara kitablar aparılmır, kitab satışı zəifdir. Bu maliyyə çatışmazlığı ilə bağlıdır, dövlət dəstəyi lazımdırmı?
– Biz dövlətin üzərinə həddindən artıq çox şey yükləyirik. İlk növbədə öz təşəbbüsümüz olmalıdır. Sən onu istəyəndən sonra dövlət buna mane olmur. Əlbəttə, daha da irəli getmək üçün maliyyə lazımdır, amma birinci hərəkət lazımdır. Biz mütləq rayonlara getməliyik. Bununla bağlı təşkilati məsələlər üzərində iş gedir.
– Son dövrlər insanların daha çox müzakirə etdiyi mövzuya toxunmaq istərdim. Xaricdən kitablar alınan zaman nəşriyyatlar tərəfindən yazıçı, kitablar haqqında araşdırma aparılırmı, milli maraqlarımıza uyğun olmayan nəşrlərə məhdudiyyətlər qoyulurmu? Məsələn, Azərbaycanda çoxsaylı oxucusu olan və kitabları şəhərin bütün kitab mağazalarında satılan yazıçı Əlif Şafaqın ermənipərəst olması heç kimə sirr deyil. 44 günlük müharibə ərəfəsində şəxsi “Twitter” hesabından Ermənistana dəstək məqsədli paylaşım etmişdi. Hətta “Ata və bic” romanında türkçülüyü təhqir etdiyinə görə ona qarşı məhkəmə iddiası da qaldırılmışdı…
– Məncə, heç bir ədəbiyyata qadağa qoyulmamalıdır. Əlif Şafaqın kitablarını mən də oxumuşam. Onun Şuşadan son paylaşımından sonra fikirləşirdim ki, yazıçı özünü nə qədər siyasətdən kənarda saxlasa, daha yaxşı olardı. O, əslində millət vəkili olan erməni dostunun paylaşımını yaymışdı. Amma bu şəkildə ucundan tutub ucuzluğa getsək, onda gərək tarixdə bütün ədəbiyyatlar silinsin. Heç bir ədəbiyyat qalmasın. Zaman-zaman imperiyalar, dövlətlər bir-birindən müharibə edib, ədəbiyyatlar bunu yazıb. Təsəvvür edin ki, Fransa İngiltərə ilə müharibə edib, yüz ildır yüzlərlə kitablar yazılıb. O kitabların hamısını cırıb atmaq olmaz ki?! Sovet dövründə nə qədər ədəbiyyat məhv edildi. Bu yaxşı hal deyil. Ədəbiyyat müharibələrin, tökülən qanın üzərinə su səpir. Amma əlbəttə, pornoqrafik ədəbiyyatın, dini radikalizmi təbliğ edən, etnik ayrı-seçkiliyə çağırışlar olan kitabların gətirilmsi yasaqdır. Belə də olmalıdır.
– Artıq uzun müddətdir ki, bizimkilərdən heç kimin Nobel mükafatı almaması barədə müzakirələr aparılır, tənqidlər səsləndirilir. Sizcə, bizdən kim bu mükafata layiq görülə bilər?
– Nobel almaq üçün ona hazırlaşmaq lazımdır. Türkiyədə Orxan Pamuk Nobel aldı. Bizdə ona da ermənipərəst deyirlər. Amma o, elə bir tolerant mövqe sərgilədi ki, Nobel ona həm də ümumi insanlıq prinsiplərini təbliğ etdiyinə görə verildi. Bir mükafat almaqdan ötrü nələrdənsə imtina etməlisən. Bütün bizim təşkil etdiyimniz sərgilər, ədəbiyyat töhfələri hansısa mükafatlara gedən yollardı. Bazası olmayan ədəbiyyat necə Nobel ala bilər? Məncə, uzun müddət biz tərəfdə hələ Nobel küləyi əsməyəcək. Ola bilər ki, gələcək nəsillər buna nail olacaq…