Həftəsonu ənənəsi dünyada və bizdə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftə sonunu ev işlərinə həsr etməyin, çünki…

 

Həftə sonunu ev işlərinə həsr etməyin, çünki…

Çalışan insanların şikayət etdikləri əsas mövzulardan biri də özlərinə zaman ayıra bilməmələridir. Məhz buna görə də istər qadın, istərsə də kişilər istirahət üçün həftə sonunu gözləyir. Həftə sonunu da hər kəs fərqli dəyərləndirir. Kimisi həftəsonu istirahətini evdə keçirir, kimisi həftə içi boyunca yığılan ev işləri ilə məşğul olur, qonaq qəbul edir ya qonaq gedir, kimisi isə şəhərin səs küyündən qaçmaqla, gəzməklə istirahət edir.

Ancaq təəssüflə qeyd etməliyik ki, paytaxtda yaşayanların istirahəti üçün piknik alanları demək olar ki, yox dərəcəsindədir. Əyləncə mərkəzlərinə getməksə heç də hər kəsin cibinə uyğun olmur. Buna görə də əksər Azərbaycan insanı həftə sonlarını daha çox iş-güclə, ən yaxşı halda isə qonaq qəbul etməyə, qonaq getməyə sərf edir. Ancaq həftə sonunu ev işlərinə həsr edən qadınlar əslində istirahət etmiş olmur, əksinə yorulurlar. Məhz buna görə də mütəxəssislər ev işlərini həftə içinə bölməyi tövsiyə edir.

Həftə sonu isə ev işlərinə kilidlənməkdənsə, hansısa bir kafeyə gedib bir kofe içməyi tövsiyə edirlər. Psixoloqlara görə həftə sonunu boş oturan, səhərdən axşamadək bir kreslodan digərinə keçərək əlində televizor pultu tutan, hətta üstündəki pijamanı belə dəyişməyən insanlar bazar gününün sonunda özlərini bədbəxt hiss edirlər. Təbii ki, həftə sonunu evdə keçirmək ənənəsini hər kəsə şamil etmək olmaz. Azərbaycandan fərqli olaraq dünyada həftə sonu istirahətinə çox önəm verilir, istirahət günlərinin hər dəqiqəsi planlaşdırılır, dəyərləndirilir.

Onlar həftə sonu istirahətinə daha çox yeni həftəyə köklənmək üçün həssaslıqla yanaşırlar. İş dünyasında müvəffəqiyyətli insanlar həftə sonlarında ailələri ilə vaxt keçirə bilmək üçün bir ailə ənənəsi yaradırlar. Nahar yeməyini birlikdə yemək, birlikdə yemək bişirmək kimi fəaliyyətlər həm maraqlı vaxt keçirmək, həm də gözəl xatirələr qoymaq üçün təsirli ola bilir. Xarici ölkələrdə yaşayan insanlar həftə sonunu adətən gəzməyə, yaşadıqları şəhərdən 1-2 günlük də olsa, uzaqlaşmağa həsr edirlər.

Onlar hətta telefonla olan bağlantılarını belə kəsir, həftə sonunu sırf dincəlməyə həsr edirlər. Məsələn ABŞ-da yaşayan insanların həftəsonu məşğuliyyətlərindən biri də fermer marketdir. ABŞ-ın bütün ştatlarında bu ənənə illərdir ki, mövcuddur. Həftə sonları şəhərin ən gediş gəlişli yerlərində yaradılan bu fermer marketlərdə ətraf ərazilərin fermer və fabriklərində istehsal olunmuş məhsullar satışa çıxarılır.

İnsanlar bura gəlir həm fərqli məhsullar, sənət əsərləri alır, həmdə yeniliklərlə tanış olmuş olurlar. Bizlərdən fərqli olaraq, avropalılar və dünyanın inkişaf etmiş ölkələrindəki insanlar üçün həftə sonu işdən tam qopma məqamıdır. Bir çox insanlar həmin günlərdə, ümumiyyətlə, mobil telefonun varlığını unudurlar. Görüşmələr, işlə bağlı danışıqlar minimuma endirilir.

Ümumiyyətlə bazar ertəsi sindromu bir çox işçinin ortaq problemidir. Mütəxəssislər bu mövzuda yaşanan problemləri yüngülləşdirmək üçün bazar gecəsinin dinc və əyləncəli keçirilməsinin əhəmiyyətli olduğunu ifadə edirlər. Buna görə də avropalılar bazar günü günortadan sonra yeni həftəyə köklənirlər.

Məhz bu səbəblədir ki, Avropa ölkələrində bazar axşamı publara, gecə klublarına əylənməyə gedən iş adamına rast gələ bilməzsiniz. Çünki Avropa, Amerika kimi inkişaf etmiş ölkələrdə həftənin əyləncəyə ayrılan günləri cümə günü saat 4-dən bazar günü günorta saat 2-3-ə qədərdir. Avropa ölkələrində cümə günləri qısa iş günü hesab olunduğu üçün insanlar əyləncə qrafiklərini bir gün öncədən, yəni cümə axşamından müəyyənləşdirir. Bazar günü, günortadan sonra isə artıq əyləncə mərhələsi qapanır. Son nəticədə isə daha uğurlu, enerjili və bərəkətli bir iş həftəsi əldə edirlər.

Aparılan araşdırmalara görə, avropalıların yüzdə 86 faizi həftə sonunu valideynləri ilə keçirmək, yüzdə 92 faizi isə öz ailəsi ilə keçirir. Almanların 95 faizi, romalıların 94 faizi ailənin mükəmməl bir həftə sonu keçirmək üçün çox vacib bir faktor olduğuna inanır.

İnsanlar həftə sonunun qısa olduğunu və tez keçdiyini düşünürlər. Ancaq psixoloqlara görə həftə sonu uzun çəkir və istirahət etmək üçün xeyli zaman olur. Belə ki, cümə günü iş saatının bitdiyi vaxtdan, yəni saat 6-dan bazar ertəsi səhər 6-a qədər tam 60 saat zaman olduğu bildirilir. 24 saat ərzində yatsanız belə, 36 saat oyaq vəziyyətdə olursunuz. Bu qədər vaxt isə həftə sonu əylənmək, istirahət etmək və enerjinizi bərpa etmək üçün yetərincədir.

Günel MANAFLI,
Musavat.com