HƏDƏFƏ NAİL OLMUŞUQbackend

HƏDƏFƏ NAİL OLMUŞUQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir il bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik. Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq.

Son 20 ildə xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub.

Prezident İlham Əliyevin cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə dediyi kimi, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və cari səfər ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcək. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə  mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var.

Son illər enerji satışından əldə etdiyimiz vəsaiti nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işlər görülüb. Bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən sözügedən hədəfə nail olmuşuq. Geosiyasi vəziyyətlə əlaqədar  Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb.

Bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur.

Cənab Prezident onu da vurğulayıb ki, BP Qarabağın azad olunmuş Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunacaq həmin enerji bizim enerji sistemimizə daxil ediləcək. Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir.

Təşəbbüskarı olduğumuz bütün layihələr artıq demək olar ki, tamamlanıb. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq.

Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var.

İqtisadiyyatın inkişafından danışarkən işğaldan azad edilmiş ərazilərimizi unutmaq olmaz. Qarabağda iki sənaye zonası mövcuddur – Ağdam və Cəbrayılda. Orada artıq müəyyən avadanlığın istehsalı ilə bağlı tikinti işləri gedir. Bu, hər baxımdan əlverişlidir, çünki burada potensial böyükdür. Həmin bölgələrdə geniş kənd təsərrüfatı fəaliyyəti olacaq.

Məşhur Məmmədov

Milli Məclisin deputatı