10 min manata başa gələn Həcc ziyarəti yalnız imkanlı şəxslər üçün əlçatandır. Təklif edirəm ki, ölkəmizdə bu ziyarətə gedənlər xərcləyəcəkləri vəsaitlərin bir hissəsini yaxud da kim istəyərsə daha çoxunu YAŞAT fonduna köçürsünlər.
Tribunainfo.az yazır ki, belə təkliflə hərbi ekspert Ədalət Verdiyev çıxış edib. O bildirib ki, Hacı adına namizədlər xalqa nümunə göstərmək üçün fəaliyyətə başlamalıdır:
“Tanınmış din xadimləri bu prosesə şəxsi nümunələri ilə dəstək versinlər. Ziyarətgahlardakı nəzir qutulara nəzarət də YAŞAT fonduna verilsin. Vətəndaş da nəzir qutusuna atacağı vəsaiti bundan sonra fonda köçürsün. Biz də bu prosesi maddi və mənəvi cəhətdən dəstəkləyək. Mənim şəxsən ziyarətə getmək niyyətin yoxdur, amma YAŞAT fondunun imkanlarını genişləndirmək hamımızın borcudur.
YAŞAT fondunu qalib xalqımızın, qalib əsgərimizin yardım simvolu kimi dünyaya tanıdaq. Eyni daşları pul ilə alıb eyni şeytana atanlar onsuz da çoxdur. Biz heç olmasa daşlara verdiyimiz vəsaiti şəhid övladlarının təhsilinə, əlillərin ehtiyaclarına xərcləyək. Bu Allaha da xoş gedər, bəndəyə də”.