Son günlər bəzi şəxslər televiziya aparıcılarının çox pul qazandığını, lüks həyat yaşadıqlarını, hətta bir neçə otel və villalarının olduğunu deyirlər.
Bəs görəsən, bu iddialar doğrudurmu? Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış prodüser, teleaparıcı Tarix Əliyev bildirib ki, müğənnilər, teleaparıcılar, prodüserlər rüşvətlə deyil, çalışaraq özlərinə ev, maşın, bağ evi alıblar:
“Vallah, mən bağımı da, evimi də aparıcılıqla almamışam. 23 ildən artıqdır ki, prodüserəm. Keçirdiyim tədbirlər, təşkil elədiyim toylar və s var. Başa düşmədim, almalıyam da, bəs nə etməliyəm? Biz yaşamayaq?! Məmurların 2000-3000 manat maaşı var. Bəs məmurlardan niyə soruşmurlar ki, quru maaşla bunları necə almısınız? Aparıcılar, prodüserlər bəzilərinin gözünə girib. Məmurun milyonluq, on milyonluq villası haradan çıxır ona baxsınlar. İcra başçısını bu gün işdən çıxarırlar, sabah isə mətbuatda mülklərinin siyahısını yazırlar. Məgər bundan qabaq bilmirdilər ki, nəyi var, nəyi yoxdur? Mən 24 ildir toylarda, kabinetlərdə, təşkil etdiyim tədbirlərdə işləyirəm. 7 il də Gəncədə işləmişəm. Pul yığıb özümə 5-6 sot torpaq alıb ev tikməyim ki, mən prodüserəm, tanınmış adamam? Camaatın hektarlarla torpağı var. Mən tək özümdən danışmıram, ümumi deyirəm. Məsələn, müğənni o qədər toylara gedir. Gedib özünə ev almasın, yaşamasın ki, bu adam müğənnidir? Ümumiyyətlə, villa nəyə deyilir? Biz villalar görməmişik. 5 hektar torpağı olan insanlar var. Müğənninin maksimum 11 sot, 17 sot torpağı ola bilər. Mən bağımı 10 il əvvəl almışam. Mən aldığım zaman da sotu 2000 manata idi. Yəni o milyonluq bir ev deyil”.
Tarix Əliyev bunun günahını sosial şəbəkələrdə özlərinə səhifə açaraq “jurnalistika fəaliyyəti” ilə məşğul olanlarda görüb:
“Məsələn, bir müğənni maşın alır. Maşının qiyməti 50-100 min manatdır. Təzəsinin qiyməti isə deyək ki, 300-400 mindir. Bu “jurnalist” araşdırmır ki, müğənni neçənci ilin maşınını alıb. Turbo.az-a və s. elan saytlarına girib baxmaq olur. Amma ona baxmaq yerinə yazır ki, müğənni yarım milyonluq maşın alıb. Axı yarım milyonluq maşın sıfırdandır. Müğənninin aldığı isə 2018-ci ilindir. Bunun isə 60 min, 70 min, 100 min qiyməti var. İnsanlar da təəccüblənib deyirlər ki, bu müğənni nə edir ki, yarım milyonluq maşın alır?!
Belə şeyləri görəndə müğənni özü də cürət edib demir ki, belə deyil. Bəzi müğənnilər görməmişdir axı. Çıxıb demir ki, ay qardaş, mənim maşınım yarım milyon deyil, mən 2018-ci ilin avtomobilini sürürəm.
Ona görə də camaat qıcıqlanır. Allah rəhmət etsin, bir dəfə rəhmətlik Cahanşir Məmmədova demişdim ki, necə olur sizin “Rolls-Royce”nuz var, amma müəllimin, alimin, professorun yoxdur. Dedi mən gedib toylarda oxuyuram, qazanıram, mənimki bundan da çox olmalıdır. Mən də dedim ki, hə, necə məsləhətdir.
Ümumiyyətlə, bu, hər yerdə belədir, təkcə Azərbaycanda deyil. Bəzi müğənnilər görməmişliyindən insanlara 100 minlik bağlarını 1 milyonluq kimi göstərirlər və qıcıq yaradırlar. Cəmiyyət də deyir ki, bunun sənəti yoxdursa, 1 milyonluq bağı necə alır?
Hər bir halda, kimin nəyi varsa, sağlığına qismət”.