“Heç bir mövqe faktdan daha önəmli ola bilməz” – Elçin Şıxlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elçin Şıxlı: “Jurnalist faktı təqdim etməlidir, mövqeyə gəlincə…”

Son aylar media ilə bağlı tələb və gözləntilərin mahiyyət etibari ilə yeni mərhələyə daxil olması müşahidə olunur. Məhz bu fonda media əməkdaşlarının hər bir fakta öncə vətəndaşlıq mövqeyindən yanaşmalı olduğu ilə bağlı iddialar səslənir ki, bu yanaşmaya münasibət birmənalı deyil.
Maraqlıdır, doğrudanmı jurnalist hər bir fakta öncə vətəndaşlıq mövqeyindən nəzər yetirməlidir? Hər hansı bir mövqe faktdan, həmin faktın obyektiv şəkildə ictimaiyyətə çatdırılmasından daha önəmli ola bilərmi?
Moderator.az-a açıqlama verən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı məsələnin bu cür qoyuluşu ilə razılaşmadığını vurğuladı:
“Mən bu cür yanaşmanı məntiqli hesab etmirəm. Öncə onu qeyd edim ki, vətəndaşlıq mövqeyi anlayışı hər kəs üçün tamam fərqli anlamda dərk edilə bilər. Çünki burada dəqiq bir sərhəd,  konkretlik yoxdur. O ki qaldı, faktın təqdim edilməsinə, heç bir mövqe faktdan daha önəmli ola bilməz. Jurnalist faktı təqdim etməlidir. Vətəndaşllıq və s. mövqelərə gəlincə, bunlar sonrakı məsələlərdir. Bildiyiniz kimi, klassik jurnalistikada da sadəcə fakt təqdim olunur. Burada nə vətəndaş mövqeyi, nə də junalist mövqeyi görə bilməzsiniz. Hesab edirəm ki, məsələyə bu cür yanaşmaq jurnalistika baxımından daha doğrudur”.