Həbsxanada evlənən ömürlük məhbus Sergey Strelyayev cəzasının yüngülləşdirilməsini istəyir.
Musavat.com xəbər verir ki, Sergey Strelyayev barəsində olan işlə yenidən tanış olmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
O, öz istəyi ilə barəsində olan cinayət işi ilə tanış olur. Onun daha sonra kassasiya şikayəti vermək hüququ var.
S.Strelyev ömürlük azadlıqdan məhrum etmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyə bilər.
Xatırladaq ki, 2002-ci ildə xüsusi amansızlıqla qətlə törətməkdə təqsirləndirilən Sergey ömürlük azadlıqdan məhrum edilib.
Şair olan Sergeyin həbsxanada bir neçə kitabı çap edilib.
2013-cü ildə isə həbsxanada Lüdmila Aleynikovla evlənib.
O, Lüdmila ilə 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşmağa və telefonla danışmağa başlayıblar. Lüdmila onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra Sergey Lüdmilaya evlənmək təklifi edib və onlar evləniblər.
Qeyd edək ki, onların bir övladı var.