HƏBSDƏN ÇIXAN AZĞIN CANİLƏR – HÜQUQ MÜDAFİƏÇİSİ ƏDLİYYƏ SİSTEMİNİ TƏNQİD ETDİ

HƏBSDƏN ÇIXAN AZĞIN CANİLƏR – HÜQUQ MÜDAFİƏÇİSİ ƏDLİYYƏ SİSTEMİNİ TƏNQİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə ögey bacısı Səbinə Abbasovanı qətlə yetirən Hüseyn Abbasovun 2008-ci ildə də anası Ceyran Qiyasovanı döyərək qətlə yetirdiyi artıq ictimaiyyətə məlumdur. Bu qətldən sonra o 15 il azadlıqdan məhrum edilib. 15 il məhkum həyatı yaşayan H.Abbasov həbs müddətində islah olunmayıb və azadlığa çıxdıqdan sonra da ögey bacısını qətlə yetirdi.
Bu fakt cəmiyyət üçün olduqca təhlükəli olan bu cür insanların yenidən azadllığa çıxmasının, sərbəst dolaşmasının nə qədər qorxulu olduğunu bir daha göstərdi. Maraqlıdır, bəs niyə belə təhlükəli, islaholunmaz insanlarla bağlı tədbir görülmür? İslaholunmaz insanlarla bağlı dövlətin bir tədbir planı varmı?


Bu barədə Tribunainfo.az-a danışan qadın və uşaqlarla bağlı mütəmadi iş aparan QHT rəhbəri Kəmalə Ağazadə bildirib ki, Azərbaycanda bu cür insanlarla bağlı heç bir iş aparılmır və belə bir dövlət proqramı yoxdur. K.Ağazadə bildirib ki, islaholunmaz insanlar da həbs müddətini başa vurduqdan sonra ailəsi və cəmiyyət üçün təhlükə saçmağa davam edir:
“Həyatının 30 ilini həbsxanalarda keçirmiş bir valideyn var. Bakıda, Rusiyada həbsxanalarda olub. Bu insanın islah olunmaq variantı yoxdur. Bu cür adamlar mütəmadi problemlər çıxarır, həm həbsxanada, həm də azadlıqda problem yaradır. Uşaqlarıyla manipulyasiya edir, yolda pis hərəkətlər edir, nə gəldi danışır, kimi gəldi təhqir, təhdid edir. Belə adamlar cəmiyyət üçün, hər kəs üçün problemdir. Həbsxana müdiri belə bildirirdi ki, o cür adamlara sərt cəza tətbiq etməsən bir saat içində hər yeri yandırar. Təsəvvür edin, belə adamlar cəzasını çəkdikdən sonra azadlığa çıxır, cəmiyyətə qarışır. Təəssüf ki, bu cür adamlar üçün heç bir proqram yoxudur. Onlar azadlığa çıxandan sonra yoxlanmalıdır. Ədliyyə sistemində sosial reabilitasiya, inteqrasiya yoxdur. Bunun üçün iş aparılmalıdır. Psixiatrik rəy verilməlidir. İslah olunmayıbsa, cəmiyyətdən təcrid edilməlidir”
K.Ağazadə bildirib ki, təkcə kişilər yox, qadınlar da var ki, onlar da cəmiyyət üçün təhlükəlidir: “İnsan alveri ilə məşğul olan qadınları görmüşəm həbsxanada. Onların düzəlmə şansı çox azdır. Tədbir görülməli, iş aparılmalıdır. Yoxsa şəhər dolacaq belə islaholunmaz insanlarla. O zaman qadın, uşaq qətilləri artacaq”.