Həbsdə saxlanılan iş adamı İsmayılov İlqar İsmayıl oğlu Prezident İlham Əliyevə müraciət edib. TİA.Az xəbər verir ki, müraciətdə dövlət başçısından kömək istəyib.
“Cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin biznes mühitinə dəstəyi nəticəsində ölkədə uğur qazanan iş adamlarından biri də mən olmuşam. 1999-cu ildə təkbaşına qurduğum “İdeal Kompani” sonrakı illərdə fəaliyyət dairəsini genişləndirərək, Azərbaycanın tanınmış mağazalar şəbəkəsi olmağa nail olub. Bu illər ərzində qanunlara daim əməl edərək, qeyri-neft sektorunun inkişafına əlimdən gələn dəstəyi vermiş və büdcəyə 10 milyonlarla vergi ödəmişəm.
Ancaq bu gün tamamilə saxta, qurama və məhz bəzi şəxslər tərəfindən biznesimin əlimdən alınmasına yönələn ittihamlarla artıq 10 aydır həbsdə saxlanılıram. Mənə dövriyyəsi on milyon manatlarla ölçülən öz şirkətimdən guya 680 min manat mənimsəmə kimi absurd ittiham verməklə haqsızlıqla əlimdən alınmış şirkətimdən əl çəkməyəcəyim təqdirdə uzunmüddətli həbslə cəzalandırılacağım şərt kimi qoyulub.
Hazırda məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı 8 il azadlıqdan məhrumetmə cəzası istəyib. Bu ittihamın nə qədər əsassız olduğunu istənilən şəxs sadəcə məhkəmə protokolları ilə tanış olaraq öyrənə bilər. Müdafiə tərəfi olaraq vəkillərimin və özümün məhkəməyə təqdim etdiyim sübutlar heç bir cinayətə yol vermədiyimi sübut etdiyi üçün məhkəmənin ədalətli qərar verəcəyi təqdirdə bəraət almaq haqqımdır.
Cənab Prezident!
Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri, təəssüf ki, həbsdə yalnız televiziya vasitəsilə izləyə bilirəm. Halbuki Azərbaycanın uğurlu iş adamlarından biri olaraq bütün bu qürurverici proseslərdə yaxından iştirak etmək və öz töhfəmi vermək istərdim. Bunun üçün isə sadəcə ədalətli məhkəmə hökmü kifayət edir. Günahsızlığıma əmin olduğum üçün istədiyim sadəcə ədalətli qərardır.
Siz ədalət prinsipinə böyük önəm verərək, hər zaman çıxışlarınızda da ədalət mühakiməsinə xüsusi diqqət ayırmısınız:
“…Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.
Hər bir azərbaycanlının prezidenti olaraq təminat verdiyiniz bütün konstitusion hüquqlarımız kimi, məhkəmə-hüquq sahəsindəki islahatlarınızın nəticəsi olaraq mənim ədalətli məhəkəmə araşdırması hüququmun da təmin edilməsinin təminatçısı olacağınıza və 10 aydır üzünü görmədiyim ailəmə, övladlarıma qovuşmağıma vəsilə olacağınıza inanıram!”
TİA.Az