Həbs edilən şəxslərin sayı 30 faiz azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncamda qeyd olunan tövsiyələrə uyğun olaraq, həbs edilən şəxslərin sayı 30 faiz azalıb
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı sərəncamdakı tövsiyələrə uyğun olaraq, həbs edilən şəxslərin sayı 30 faiz azalıb.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

V.İsayev deyib ki, həmin sərəncam Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür: “Bu sənəd eyni zamanda, öz konseptuallığına görə hüquqi islahatların həyata keçirilməsində yeni mərhələninin başlanğıcını qoyub. Bu sərəncam əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi hazırlanıb. Bu, qanunvercilik sahəsində verilən tövsiyələrin nəticəsidir. Bu sahədə verilən tövsiyələrin nəticələri artıq ötən dövr ərzində aparılan statistik məlumatlarda özünü göstərir. Bu statistik məlumatlar bizi sevindirməyə bilməz. Artıq humanist addımlar atılıb. Sərəncamda qeyd olunan tövsiyələrə uyğun olaraq, həbs edilən şəxslərin sayı 30 faiz azalıb”.

V.İsayev qeyd edib ki, ictimaiyyət üçün böyük təhlükə törətməyən cinayətlərə görə lüzumsuz yerə həbs edilmənin qarşısının alınması istiqamətində tədbirlər görqülməkdədir və bu tədbirlər davam etdiriləcək.