Puşkin küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində qazlı, rəngli, şirin içkilər, energetik içkilər anbar əvəzinə küçəyə, günün altına yığılaraq saxlanılır. Günlərlə günün altında, plastmas qablaşdırmada küçədə qalan bu içkilər sonradan dükanlara, marketlərə paylanır, soyuducuya qoyularaq satılır. Günlərlə istidə qalan həmin sular orqanizm üçün həddən artıq zərərlidir.
Bu barədə məlumarı Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov verib. O bildirib ki, bu cür faktların qarşısını vaxtında alınmalıdır ki, sonra kütləvi zəhərlənmə kimi hallar baş verməsin:
“Günəş altında günlərlə qalan qazlı, qazsız, suların, enerji içkilərinin tərkibi itə, dəyişə bilər. Şüa içkinin rənginə də təsir edə bilər. Günəş altında qalan suların sonradan soyudularaq satılması, içilməsi düzgün deyil. Bu cür sular soyuducuda və ya sərin yerdə, günəş şüası düşməyən yerlərdə, anbarlarda saxlanılmalıdır. Yol kənarında, günəş altında saxlamaq düzgün deyil”.
E.Hüseynov bildirib ki, bu gün satışda olan hazır qablaşdırılmış suların hansının tərkibinin daha təmiz olduğu heç kəsə məlum deyil:
“Çünki hansı sular krantdan doldurulub, hansılar bulaq suyudur, bilinmir. Vətəndaş ancaq suyu evində qaynadandan sonra çaydanın dibində yaranmış ərpə görə bilə bilər ki, o su təmizlənmiş sudur ya yox.
İnsan orqanizmi hər cür suyu qəbul etməlidir. Həm krant suyunu, həm bulaq suyunu, həm təmizlənmiş balon suyunu içməliyik. 1 litr suyu bir şirkət 5 manata, biri 40 qəpiyə satır. Bu istehlakçının aldadılması deməkdir. İki ayrı qablaşdırılmış su arasında bu qədər fərq ola bilməz. Bəzi insanlar hesab edir ki, bahalı su daha keyfiyyətli və təmizdir. Ancaq bu əsla belə deyil.
İnsanlar fikirləşmnəsinlər ki, qablaşdırılmış bahalı su və ya filr suları daha keyfiyyətlidir. İnsan orqanizmi hər cür suyu qəbul etməlidir. Ancaq filt suları, qablaşdırılmış baha sulara inanmaq lazım deyil. Bulaq suyu da, krant suyu da, təmizlənmiş balon suyu da, normal qiymətə satılan qablaşdırılmış su da orqanizm üçün lazımdır. Saxtakarların sizi baha qiymətlə, filtlə aldatmasına icazə verməyin”.
Gülşən Rəsul